Böyük oyunun PƏRDƏARXASI: "Ermənistan nə qədər uzatsa da, regional nəhənglərin iradəsi qaçınılmazdır"
“Ararat Mirzoyanın açıqlamalarında Türkiyə və Rusiyanın adı birbaşa çəkilməsə də, faktiki olaraq bu dövlətlər layihənin növbəti mərhələlərində iştirak edəcəklər”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın “Rusiya və Türkiyənin Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsində iştirakı müzakirə olunmayıb” bəyanatının hansı mesajları ehtiva etdiyini qiymətləndirib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra üçtərəfli bəyanatla Zəngəzur dəhlizinin açılması nəzərdə tutulsa da, Ermənistan prosesi uzadaraq məsələni sülh mətnindən çıxarmış və Vaşinqton razılaşması zamanı ayrıca danışıqlar predmetinə çevirmişdir. Hazırda razılığın həyata keçirilməsi üçün texniki məsələlər müəyyənləşdirilir.
“Layihə istifadəyə veriləcəyi təqdirdə əsas şərtlərdən biri Azərbaycanın qərb əraziləri, yəni Naxçıvanla maneəsiz əlaqənin təmin olunması, eləcə də Ermənistanın tranzitlə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsidir.
Layihə yalnız Ermənistanı əhatə etmir. Əsas komponentlərdən biri məhz Azərbaycandır. Eyni zamanda, layihədən regionun digər dövlətləri Türkiyə, Rusiya və İran da aktiv şəkildə istifadə edə biləcəklər. Çünki TRIPP layihəsi nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsinə və yükdaşımaların həcminin artırılmasına xidmət edir. Ermənistan bu layihə vasitəsilə Azərbaycan dəmir yollarına çıxış əldə edir, Azərbaycan isə Naxçıvan üzərindəndən Qarsa, oradan Qara dəniz və Aralıq dənizi vasitəsilə Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Paralel olaraq, Ermənistan da İrəvandan Naxçıvana, Rusiyaya, eləcə də Sədərək və Qarsa doğru yükdaşımalarını həyata keçirə biləcək.
Ararat Mirzoyanın açıqlamalarında Türkiyə və Rusiyanın adı birbaşa çəkilməsə də, faktiki olaraq bu dövlətlər layihənin növbəti mərhələlərində iştirak edəcəklər. Xüsusilə Rusiyanın adının açıq şəkildə qeyd olunmaması siyasi həssaslıqlarla bağlıdır. Baxmayaraq ki, Rusiyanın da bu layihədə maraqları mövcuddur.
Hazırda əsas hədəf avtomobil və dəmir yollarının inşasının tamamlanmasıdır. Azərbaycan öz ərazilərində bu işləri demək olar ki, yekunlaşdırıb, Naxçıvanda mövcud infrastruktur var və Ermənistanın da 42 kilometrlik hissəni qısa müddətdə tamamlaması gözlənilir. Layihə tam işə düşdükdən sonra isə istifadə qaydaları və tariflərlə bağlı məsələlərin növbəti mərhələdə müəyyənləşdirilməsi nəzərdə tutulur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












