"Ətin qiymətində artım davam edəcək" - İqtisadçı - VİDEO
Son dövrlər Azərbaycanda ət istehlakında ciddi azalma müşahidə olunur. Mütəxəssislər bunu ət qiymətlərinin sürətlə bahalaşması və əhalinin gəlirlərinin bu artıma uyğun yüksəlməməsi ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Yenicag.az–a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, ətin satışında ciddi azalmaların başlıca səbəbi qiymətlərin yüksəlməsidir:
“Ətin satışında ciddi azalmaların olması qiymətlə bağlıdır. Həm də həcm faktoru var. Son beş ildə Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayı kəskin şəkildə azalıb. İribuynuzlu mal-qaranın sayı təxminən 300 min baş azalıb, xırdabuynuzlu yəni qoyun və keçi sayı isə 1,5–1,7 milyon civarında azalma göstərib”.
İqtisadçı qeyd edib ki, bu azalma birbaşa olaraq qiymət artımına təsir göstərib:
“Mal-qaranın sayındakı bu geriləmə ət qiymətlərinin artmasına səbəb olub. Son 10 ilin proyeksiyasına baxsaq, ət qiymətlərinin təxminən 2,5 dəfə yüksəldiyini görərik”.
Natiq Cəfərli vurğulayıb ki, qiymətlərin bu səviyyədə artması əhalinin alıcılıq qabiliyyətinə ciddi mənfi təsir göstərir və nəticədə ət istehlakı azalır.
Ətraflı videomaterialda:
Samir Məcidov












