Kənd təsərrüfatını kimlər uçuruma aparır? -"Kadr yox, bacarıq yox, nəticə yox"

media-hightechnic-468x90

Azərbaycanda bəzi məhsulların istehsalının azalmasının əsas səbəbi ölkədə sahibkarlıq mühitində mövcud olan problemlərlə bağlıdır. Sahibkarların fəaliyyət göstərməsi üçün zəruri olan əsas şərtlərin tam təmin olunmaması isə bu prosesə birbaşa təsir edir.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

O bildirib ki, hər hansı məhsulun istehsalının azalması təkcə iqtisadi faktorlarla deyil, həm də sahibkarlıq mühitindəki problemlərlə əlaqəlidir:

“Ümumən Azərbaycanda hər hansı bir malın və ya məhsulun istehsalının azalmasının əsas səbəbi ölkədə sahibkarlıq üçün normal şəraitin olmamasıdır. Yəni qanunsuzluq, məhkəmə ədalətsizliyi kimi problemlər mövcuddur. Sahibkar üçün isə ən vacib məsələlərdən biri mülkiyyətinin qorunmasıdır. Bundan başqa, bağladığı müqavilələrin icra olunması və bazarda sağlam rəqabət mühitinin formalaşması da əsas şərtlərdəndir. Təəssüf ki, bu məsələlər Azərbaycanda lazımi səviyyədə təmin olunmur və vəziyyət getdikcə daha da pisləşir”.

İqtisadçının sözlərinə görə, bazarda inhisarlaşmanın artması da istehsalın azalmasına təsir edən əsas amillərdən biridir:

“Hazırda inhisarlaşma getdikcə artır. Bu proses yalnız sənaye sahələrində deyil, kənd təsərrüfatı və qida məhsulları sektorunda da özünü göstərir. Müxtəlif böyük qurumlar və holdinqlər bu sahələrə daxil olaraq rəqibləri bazardan sıxışdırıb çıxarmağa çalışırlar. Məqsəd bazarı tam şəkildə nəzarətə götürməkdir. Lakin sonradan həmin sahələri effektiv şəkildə idarə edə bilmirlər. Çünki bunun üçün ya kifayət qədər peşəkar kadr yoxdur, ya da idarəetmə potensialı çatmır”.

Əkrəm Həsənov qeyd edib ki, nəticədə bu sahələrdə əvvəllər fəaliyyət göstərən və işi bacaran sahibkarlar bazardan uzaqlaşmaq məcburiyyətində qalırlar:

“Əvvəllər həmin sahələrdə çalışan və işi bacaran sahibkarlar var idi. Lakin onlar rəqabət mühitinin pozulması səbəbindən fəaliyyətlərini davam etdirə bilmirlər. Bir çox hallarda sahibkarlar öz bizneslərini sataraq ölkədən gedirlər. Bu isə təbii ki, istehsalın azalmasına və bazarda problemlərin yaranmasına səbəb olur. Bu problem təkcə bir sahə ilə məhdudlaşmır. Məsələn, heyvandarlıq sektorunda da göstəricilərin azaldığını görürük. Ət istehsalı ilə bağlı statistikada da müəyyən geriləmələr var. Bunun əsas səbəbi yenə də bazarda normal rəqabət mühitinin olmamasıdır”.

Onun sözlərinə görə, iri şirkətlərin qida sektoruna maraq göstərməsi təsadüfi deyil:

“Qida sektoru insanların həyatında ən vacib sahələrdən biridir. İnsanlar istənilən halda qidalanmalıdır. Yəni bu sahədə məhsullara tələbat hər zaman olacaq. Bu səbəbdən də bəzi iri qurumlar və holdinqlər qida sektoruna daxil olmağa çalışırlar. Onlar düşünür ki, bu sahədə satış hər zaman olacaq və gəlir əldə etmək mümkündür. Lakin bazarı tam nəzarətə götürdükdən sonra belə həmin sahəni inkişaf etdirməkdə çətinlik çəkirlər”.

İqtisadçı hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı və qida istehsalının inkişafı üçün potensial kifayət qədərdir:

“Əgər ölkədə normal sahibkarlıq mühiti formalaşdırılsa, Azərbaycan kənd təsərrüfatı və qida istehsalı sahəsində çox böyük nəticələr əldə edə bilər. Bizim geniş ərazilərimiz, münbit torpaqlarımız və müxtəlif iqlim şəraitimiz var. Bundan əlavə, insanların böyük hissəsi zəhmətkeşdir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa meyillidir. Sadəcə bu insanların işləməsi və inkişaf etməsi üçün normal şərait yaradılmalıdır”.

Əkrəm Həsənov vurğulayıb ki, sahibkarların hüquqları qorunmadan və bazarda sağlam rəqabət mühiti yaradılmadan istehsalın artmasına nail olmaq çətin olacaq. Onun fikrincə, iqtisadi inkişaf üçün ilk növbədə sahibkarlıq mühitinin yaxşılaşdırılması vacibdir.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05