Regional gərginliyin azaldılmasında "Şuşa Bəyannaməsi"nin rolu - ŞƏRH
“Şuşa Bəyannaməsi” çərçivəsində Türkiyə ilə Azərbaycanın siyasi, təhlükəsizlik və hərbi sahələrdə koordinasiyanı daha güclü şəkildə qurması regional sabitliyin qorunması baxımından mühüm hesab olunur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, indiki dövrdə Türkiyə və Azərbaycan arasında mövcud olan “Şuşa Bəyannaməsi” əsasında əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışıb.
Politoloq bildirib ki, mövcud şərait kifayət qədər paradoksal görünür:
“Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə İran Prezidenti Məsud Pezeşkian ilə əlaqə saxlayaraq həlak olanlara görə hüznlərini bildirir, eyni zamanda İranda seçilmiş yeni dini rəhbəri təbrik edirlər. Lakin bundan çox keçməmiş İran ərazisindən qonşu dövlətlərin istiqamətində yenidən pilotsuz uçuş aparatlarının buraxılması baş verir.
Bu vəziyyət faktiki olaraq İran prezidentinin gərginliyi azaltmaq üçün göstərdiyi səyləri kölgədə qoyur. Pezeşkian qonşu ölkələrdən üzr istəməklə hadisələri yumşaltmağa və məsuliyyətin bir hissəsini İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilindəki bəzi generalların təşəbbüsləri kimi təqdim etməyə çalışsa da, hər yeni dron hücumu onun diplomatik addımlarını nəticəsiz göstərir.
Digər tərəfdən, həm Azərbaycan, həm də Türkiyə regionda hərbi qarşıdurmanın genişlənməsini arzu etmirlər. Hər iki ölkə dialoqa və siyasi müzakirələrə üstünlük verir. Eyni zamanda İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət nümayiş etdirir. Buna baxmayaraq, İranda hakimiyyət daxilindəki sərt xətt tərəfdarlarının SEPAH komandirləri ilə birlikdə gərginliyi regiona yaymağa meyilli olduğu görüntüsü yaranır.
Türkiyədə ictimai fikrin əhəmiyyətli hissəsi anti-İsrail və anti-Amerika mövqeyinə yaxın dayanır bunun tarixi və siyasi səbəbləri mövcuddur. Azərbaycanda isə cəmiyyətin yanaşması müəyyən qədər fərqlənir. Lakin ictimai rəyin bu müxtəlifliyinə baxmayaraq, Ankara və Bakı strateji tərəfdaş olaraq qalır və İran tərəfdən atılan dronlar hər iki ölkədə ciddi narahatlıq doğurur.
Belə şəraitdə dövlətlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi zərurəti ortaya çıxır. Xüsusilə “Şuşa Bəyannaməsi” çərçivəsində Türkiyə ilə Azərbaycanın siyasi, təhlükəsizlik və hərbi sahələrdə koordinasiyanı daha güclü şəkildə qurması regional sabitliyin qorunması baxımından mühüm hesab olunur”.
Nəsimi Ələsgərli













