Bu gün xalq artisti, tanınmış kinorejissor Eldar Quliyevin doğum günüdür. Azərbaycan kinosunda misilsiz xidmətləri olan sənətkar 78 yaşını tamamlayıb.
Rejissor təəssüratlarını Yenicag.az-la bölüşüb:
– Necəsiniz, xoş gününüzdə əhval-ruhiyyəniz necədir?
– Yaxşıyam. Sağ olsunlar, kimin yadında qalıbsa, zəng edib xoş sözlər söyləyir.
– Ümumiyyətlə, doğum günlərinizi qeyd etməyi sevirsinizmi?
– Əlbəttə sevirəm. Çünki doğum günlərim olmasa, yəqin, mən də olmaram. Hər doğum günü mənim var olmağım deməkdir.
– Yaşınız 50-dir, 60-dır, yaxud da 70, 78… Sizin üçün rəqəmlərin əhəmiyyəti varmı?
– Qətiyyən. Ümumiyyətlə, qocalmaq insanın ruh halına bağlıdır. Rəqəmlərin artması əhəmiyyət daşımır. Elə bilirəm ki, 45 yaşım var. İllərdir ki belə hesab edirəm. Özümü də ruhən bu yaşda hiss edirəm.
– İlk hədiyyəni kimdən aldınız?
– Qızımdan. Zəng edib məni təbrik etdi.
– Arzularınız çoxdur yəqin…
– Bütün yaradıcı insanlar kimi, mənim də arzularım yalnız yaradıcılığımla bağlıdır. Yeni filmlər çəkmək istəyirəm. Allah mənə imkan versin ki, bu arzularımı yerinə yetirə bilim.
– Səhhətiniz necə, film çəkməyə əl verirmi?
– Səhhətimdə problemlər var, müalicə olunuram. Hər halda, birtəhər keçinirəm.
– İndiyə qədər ən yadda qalan doğum gününüzü xatırlayırsınızmı?
– Keçirdiyim hər doğum günümün, hər ilin öz qiyməti var. Amma hesab edirəm ki, ən yadda qalan doğum günümü hələ qeyd etməmişəm. İnanıram ki, gözlədiyim o doğum günü qarşıdadı. O gün mənim üçün xüsusilə yadda qalan olacaq.
Cəvahir
www.yenicag.az