80 yaşlı prezident seçkiyə belə hazırlaşır: "Zamanı dayandıra bilmərik, amma..." - FOTO
Braziliya prezidenti Luiz İnasio Lula da Silva oktyabr ayında keçiriləcək kritik seçkilər öncəsi rəqiblərinə və yaş tənqidlərinə idman zalından cavab verib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, dördüncü müddətə namizədliyini irəli sürməyə hazırlaşan 80 yaşlı lider seçicilərə fiziki cəhətdən gümrah və aktiv olduğunu nümayiş etdirmək üçün məşq görüntülərini paylaşıb.
Braziliyanın birinci xanımı Rosanjela “Janja” da Silva tərəfindən yayımlanan kadrlar qısa zamanda sosial şəbəkələrdə viral olub. Canlı yayımda prezidentin səhər saat 06:00-dan etibarən gərgin məşq etdiyi əks olunub. Birinci xanım həyat yoldaşının əzmini yüksək qiymətləndirərək: “Yoldaşım artıq 45 dəqiqədir ki, qaçış aparatında məşqini tamamlayıb”, – deyə bildirib.

80 yaşlı prezidentin idman cihazlarında çəki qaldırması və qaçış görüntüləri Braziliya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Məsələyə münasibət bildirən Lula Silva sağlam həyat tərzinin önəmini vurğulayıb:
“Zamanın keçməsini dayandıra bilmərik, amma sağlamlığımıza diqqət yetirmək öz əlimizdədir”.
Qeyd edək ki, Silva daha əvvəl də boks əlcəkləri ilə qum torbasına zərbə endirdiyi görüntüləri “Lula rinqdə!” şüarı ilə paylaşaraq siyasi rəqiblərinə mesaj göndərmişdi.
Yenicag.az













