Manila görüşünün pərdəarxası: Rusiya və ABŞ nəyə hazırlaşır? – TƏHLİL
Filippinin paytaxtı Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Marko Rubio arasında növbəti görüş keçirilib.
“İnterfaks”ın verdiyi məlumata görə, cəmi 35 dəqiqə davam edən danışıqlarda tərəflər diqqəti əsasən Ukrayna münaqişəsinin nizamlanması məsələlərinə yönəldiblər. Qeyd edək ki, bu, son iki ildə Lavrov və Rubio arasında baş tutan dördüncü ikitərəfli görüşdür.
Mövzunu Yenicag.az-a şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki,
Lavrov-Rubio görüşünün nəticələri cəbhədə atəşkəslə bağlı hələ ki heç bir ümidin olmadığını göstərir.
Ekspertin fikrincə, Vaşinqtonun danışıqlar prosesini canlandırmaq cəhdi ilk növbədə öz geosiyasi maraqlarına xidmət edir:
“ABŞ bununla Rusiya ilə dialoqu davam etdirmək və diplomatik kanalları açıq tutmaq istəyir. Digər tərəfdən, Ukrayna məsələsini İranla paralel şəkildə gündəmdə saxlamaqla sülh təşəbbüskarı obrazı yaratmağa çalışır. Məqsəd İrana hücumların yalnız Yaxın Şərqdə sülhü bərqərar etmək məqsədi daşıdığı görüntüsünü formalaşdırmaqdır. Çünki aralıq seçkiləri ərəfəsində ABŞ hökumətinə ictimai rəyi manipulyasiya etmək üçün belə siyasi kartlar lazımdır”.
Əli Zülfüqaroğlu vurğulayıb ki, tərəflərin görüşdən sonra verdiyi bəyanatlar da prosesdə heç bir irəliləyişin olmadığını açıq şəkildə sübut edir:
“Rubio atəşkəslə bağlı yeni ideya və konsepsiyalara ehtiyac olduğunu bildirdi. Bu, tərəflərin öz prinsipial mövqelərindən geri çəkilmədiyinin və Vaşinqtonun səylərinin nəticə vermədiyinin etirafıdır. Lavrov isə Rusiyanın Ankoricdə əldə olunan razılaşmaya sadiq qaldığını bəyan etdi. Məlumdur ki, Alyaskada əldə edilən həmin razılaşma tamamilə Rusiyanın maraqlarını ehtiva edir. Buraya işğal olunmuş ərazilərin Rusiya torpağı kimi qəbul edilməsi, Donbasın boşaldılması, Ukraynanın NATO-ya üzv olmaması, Kiyevin təhlükəsizlik zəmanəti tələbindən imtinası və orduya məhdudiyyətlərin qoyulması kimi qəbuledilməz şərtlər daxildir”.
Siyasi şərhçinin sözlərinə görə, Lavrovun yenidən Ankoric şərtlərinə istinad etməsi Moskvanın maksimalist mövqeyindən dönmədiyini gösterir:
“Bu isə o deməkdir ki, döyüşlər daha da şiddətlənəcək, mülki infrastruktur qarşılıqlı olaraq hədəf alınacaq və tükəndirmə müharibəsi davam edəcək. Zelenskinin “Əsas hədəfimiz qışa hazırlıqdır” bəyanatı da məhz bu reallığa işarədir”.
Nurlan Cəfəri













