Bu gün Xırdalanda yerləşən AAAF Park yaşayış kompleksində yaşayan sakinlər etiraz aksiyasına başlayıblar.
Yenicag.az xəbər verir ki, sakinlərin narazılığına səbəb mənzillərə qaz verilməməsi, binalarda liftlərin olmaması və ya işləməməsidir. Onlar qeyd edirlər ki, camaat 6-cı mərtəbəyə ayaqla çıxır. Bu da xüsusilə yaşlı insanlar üçün əlavə çətinliklər yaradır.
Bundan əlavə, AAAF Park sakinləri qarşıdan gələn qış aylarında mənzillərə istilik verilib-verilməyəcəyini bilmirlər. Ötən qışda da oxşar problemlə üzləşən sakinlər yeni ildə vəziyyətin daha acınacaqlı olacağından narahatdır. Məsələ burasındadır ki, kompleks rəhbərliyinin “Azəriqaz”a, eləcə də dövlətə külli miqdarda vergi borcu var. “AAAF İnşaat MMC”-nin təsisçisi Tofiq Heydərovun işlərinin qaydasında olmaması problemləri qaçılmaz edir ki, sakinlər də yeganə çıxış yolunu bu cür etiraz aksiyasında görüblər.
Xatırladaq ki, may ayında AAAF Park yaşayış mənqətəsininin A və B komplekslərinin sakinləri AAAF-İnşaat MMC-nin direktoru Ruslan Xanverdiyevə açıq məktub ünvanlayaraq öz tələb və təkliflərini dilə gətirmişdilər. Amma görünür, sakinlərin həmin tələblərinin heç biri yerinə yetirilməyib.
www.yenicag.az