Abidin Fərzəliyevlə bağlı ŞOK İDDİA: Heydər Əliyevin adını daşıyan parkın ərazisini satır?
Cəmi iki gün əvvəl Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində məmurlara növbəti xəbərdarlığını edib. O, etimadını doğrultmayan məmurları dərhal vəzifədən azad etdiyini xatırladıb.
Eyni zamanda qeyd edib ki, ictimai nəzarətə böyük önəm verir: “Mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”.
Bəs etimad dedikdə nə nəzərdə tutulur? Cənab Prezidentin də dediyi kimi, verilən tapşırıqlara əməl etmək, insanlara diqqətlə yanaşmaq, rüşvət və korrupsiyadan uzaq durmaq, onlarla mübarizə aparmaq, sosial ədalət…
Lakin görünür, dövlət başçısının artıq neçənci dəfədir etdiyi xəbərdarlıqlar bəzi məmurların qulağına “çatmayıb”. Belə ki, birbaşa Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəsinə aid olan məsələlər üzrə artıq ard-arda şikayətlər gəlməkdədir.
Jurnalist Ruhiyyə Daşsalahlının ictimailəşdirdiyi ağac kəsintisi faktını ictimailəşdirdikdən sonra saytımıza Xırdalan qəsəbəsində yerləşən Heydər Əliyevin adına parkda ağacların hər gün azalması ilə bağlı vətəndaş müraciəti daxil oldu.
AFN.az-a müraciət edən Xırdalan sakinləri bildiriblər ki, Parkın yaşıl torpaq örtüyü betonlaşır, daş tametlər döşənir, üstündə restoranlar, əyləncə mərkəzləri tikilir. Qeyd edilir ki, parkın 1 hektardan çox ərazisi “Karamel”, “Turşməzə”, “Tatlım” kimi iaşə müəssisələri tərəfindən zəbt edilib: “Torpaq örtüyü məhv edilib, beton tökülüb, üzlük daşlar döşənib. Ağacların yerində kafelər tikilib. Sakinlərin istirahət yeri, uşaqların oyun sahəsi hər gün daralır. Park ekoloji terrorun qurbanına çevrilib. Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət guşəsi biznesin əlində girovdur. Sakinlərin etirazına isə nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də Abşeron rayon İcra Hakimiyyəti məhəl qoyur”.
Abşeron rayon İH-dən məsələ ilə bağlı bildirildi ki, Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür: “Park və xiybanlar daxil olmaqla, Xırdalan şəhəri ərazisində mövcud olan şam ağaclarının, o cümlədən digər həmişəyaşıl ağac və kol bitkilərinin bütün aqrotexniki qulluq olunmasına baxmayaraq, bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub.
Qurum tərəfindən araşdırma aparılıb və 02.07.2025-ci il tarixli məktubla sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib. Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda 292 ədəd şam ağacının, ümumilikdə şəhər üzrə 980 ədəd kök üstündə qurumuş ağac və gül kolunun götürülməsi haqda məktub daxil olub. Qeyd etmək istərdik ki, bu rəyə uyğun olaraq RİH tərəfindən rayon ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb.
Rayon sakinlərinə yaşıllıqlara bu cür həssas davrandıqları üçün təşəkkürümüzü bildirir, rayon ərazisində qanunsuz ağac kəilməsi hadisəsi ilə üzləşdikdə RİH-ə dərhal məlumat vermələrini xahiş edirik”.
O ki qaldı Heydər Əliyev adına parkla bağlı sakinlərin şikayətinə, icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli saytımıza açıqlamasında bildirib ki, park ərazisində əvəllər atraksionlar yox səviyyəsində idi: “Sakinlər bununla bağlı müraciət edərək parkda atraksionların quruşdırılmasını xahiş ediblər. Bildiriblər ki, uşaqlarını buna görə uzaq məsafə qət edərək Bakı şəhərində aparırlar. Bundan sonra bir müddət bundan əvvəl atraksionlar quraşdırılıb. Park ərazisində fəaliyyət göstərən iaşə obyektləri isə uzun illər bundan əvvəldən mövcuddur”.












