“ABŞ-Azərbaycan Strateji Xartiyası Bakının regional liderliyinin beynəlxalq təsdiqidir” - Elnarə Akimova

media-hightechnic-468x90

“Bu görüşlər göstərir ki, sülh prosesi artıq təkcə Bakı və İrəvan arasında deyil, daha geniş beynəlxalq məsuliyyət çərçivəsində formalaşır.”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

media-whatsapp-image-2026-02-11-at-12-46-58

Deputat ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərinin sülh prosesinə verəcəyi töhfələr haqqında fikirlərini bölüşüb:

“Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vensin əvvəlcə Ermənistana, ardınca isə Bakıya səfəri regionda sülh prosesinin taleyinə dair sualları yenidən gündəmə gətirdi. Bu səfərlər təkcə diplomatik protokol çərçivəsində qiymətləndirilə bilməz. Proseslərin ardıcıllığı və zamanlaması göstərir ki, Vaşinqton Cənubi Qafqazda artıq sadəcə müşahidəçi yox, həm də icraedici rol oynamaq niyyətindədir. Xüsusilə Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin hələ də imzalanmamış qalması fonunda bu səfərlər təsadüfi deyil.

Vensin Ermənistana səfəri ilk növbədə İrəvana ünvanlanmış siyasi mesaj idi. ABŞ Ermənistanı regionda tək buraxmadığını nümayiş etdirməklə yanaşı, onu sülh sazişinin imzalanması və kommunikasiyaların açılması prosesində daha açıq mövqe tutmağa təşviq edir. Ermənistan üçün bu səfər təhlükəsizlik və enerji sahəsində alternativlər deməkdir, lakin eyni zamanda yeni öhdəliklər yaradır. ABŞ-la yaxınlaşma İrəvanı uzun illər manipulyasiya etdiyi ‘təhlükəsizlik boşluğu’ arqumentindən məhrum edir və onu real qərarlar verməyə məcbur edir.”

Deputat qeyd edib ki, Vensin Bakı səfəri tərəflərin güc balansı arasındakı fərqi aydın şəkildə ortaya qoydu:

“Bakıda isə mənzərə fərqlidir. Azərbaycan artıq postmünaqişə mərhələsində təşəbbüsü tam əlində saxlayan tərəfdir və ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bunu rəsmiləşdirən sənəddir. Xartiya təkcə ikitərəfli münasibətlərin dərinləşdirilməsi deyil, həm də Azərbaycanın regional layihələrdəki əsas oyunçu statusunun beynəlxalq səviyyədə tanınmasıdır. Vaşinqton bu sənədlə faktiki olaraq göstərir ki, sülhün iqtisadi və nəqliyyat dayaqları Bakının irəli sürdüyü gündəlik üzərində qurulacaq.

Bu kontekstdə Zəngəzur dəhlizi məsələsi xüsusi yer tutur. ABŞ-ın irəli sürdüyü və ya dəstəklədiyi tranzit təşəbbüsləri mahiyyət etibarilə Zəngəzur dəhlizinin beynəlxalq hüquqi çərçivəyə salınması cəhdidir. Bu, Ermənistan üçün dəhlizin ‘təhdid’ deyil, regional qazanc mənbəyi kimi təqdim olunmasıdır. Azərbaycan üçün isə bu yanaşma prinsipial mövqelərə zidd deyil, çünki Bakı üçün əsas məsələ Naxçıvanla maneəsiz əlaqənin təmin olunmasıdır. Dəhlizin hansı adla təqdim edilməsi deyil, hansı hüquqi və praktik mexanizmlərlə işləyəcəyi önəmlidir.”

E. Akimova qeyd edib ki, bu səfər sülh prosesinə ciddi təsir göstərəcək:

“Paraflanmış sülh sazişi baxımından Vensin səfərləri böyük əhəmiyyət kəsb edir. Əvvəla, proses beynəlxalq zəmanət müstəvisinə çıxarılır və tərəflərin geri addım atmaq imkanları daralır. Digər tərəfdən, sülh sənədi artıq sadəcə siyasi bəyanat olmaqdan çıxıb, real iqtisadi və təhlükəsizlik layihələri ilə əlaqələndirilir.

Bu səfərin pərdəarxasında isə daha geniş geosiyasi hesablar dayanır. ABŞ Cənubi Qafqazda həm Rusiyanın zəifləyən təsirindən istifadə edir, həm də İran amilini balanslaşdırmağa çalışır. Azərbaycanla strateji tərəfdaşlıq Vaşinqtona regionda etibarlı dayaqlar qazandırır, Ermənistanla yaxınlaşma isə onu tamamilə başqa güc mərkəzlərinin orbitinə düşməkdən çəkindirir. Bu balans siyasəti sülh prosesini sürətləndirmək üçün mühüm alətə çevrilir. Bütün bunları nəzərə alaraq sonda demək istəyirəm ki, Vensin bölgəyə səfəri sülh sazişinin dərhal imzalanacağına avtomatik zəmanət vermir. Lakin bu görüşlər sübut edir ki, proses artıq təkcə Bakı və İrəvan arasında deyil, daha geniş beynəlxalq məsuliyyət çərçivəsində formalaşır. Sülh sazişi və Zəngəzur dəhlizi məsələsində icraatın başlanması üçün siyasi mühit yaranır və bu mühit əvvəlki illərlə müqayisədə daha real, həm də geri dönməz xarakter daşıyır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05