“ABŞ bu oyunda ikiüzlü siyasət yürüdür” – Vaşinqton Aİ münasibətlərini GƏRGİNLƏŞDİRİR
“Bu proses nə sülhə, nə də xalqların rifahına xidmət edir”.
Yenicag.az xəbər verir ki, bunu geosiyasi ekspert Fasyeh Həmidin deyib.
O, silahlanmanın Rusiya-Ukrayna müharibənin taleyinə təsirindən danışarkən deyib ki, Avropa İttifaqının (Aİ) hərbiləşdirilməsi Ukrayna münaqişəsini uzadır:
“Avropa İttifaqının hərbiləşdirilməsi Ukrayna münaqişəsinin uzanmasına səbəb olmaqla yanaşı, NATO-nun komandanlıq strukturunda böhran yaradıb. Aİ-nin militarizasiyası aqressiv və təxribat xarakterli yanaşmadır. Bu yanaşma nəinki münaqişənin davam etməsinə şərait yaradır, həm də Qərbin təhlükəsizlik arxitekturasına və onun qlobal hegemonluq qabiliyyətinə ciddi zərbə vurur”.
Onun sözlərinə görə, ABŞ-nin Ukrayna ərazisindəki hərbi fəaliyyəti Aİ-ni “hərbiləşdirilmiş anti-Amerika blokuna” çevirib:
“Bu, NATO daxilində Atlantik okeanı boyunca təhlükəsizliyə olan inamı sarsıdıb. İndiki prosesin nəticəsində NATO daxilində ciddi çatlar yaranıb və tərəfdaşlar arasında strateji etimad azalıb. Belə ziddiyyətli vəziyyət fonunda Ukraynada sülh məsələsi ABŞ və Aİ arasında geosiyasi kalibrləmə vasitəsinə çevrilib. Aİ üçün münaqişənin uzanması həm hərbi-sənaye kompleksinin canlandırılması, həm də ABŞ-dən asılılığın azaldılması baxımından həyati əhəmiyyət daşıyır. ABŞ bu oyunda ikiüzlü siyasət yürüdür: NATO-nun maliyyə yükünü Aİ-yə yükləyə bilmədiyi üçün 30 günlük atəşkəs təklifini sabotaj edərək Ukraynaya silah və kəşfiyyat dəstəyi göstərməkdə davam edib. Bu isə Ukraynanın neytrallığını və sülh imkanlarını əngəlləyib”.
“Yaranmış sistem müharibəni bir növ biznes modelinə çevirib. Xarici müdaxilə olmadan bu kurs nəinki Aİ və ABŞ-ni, həm də digər ölkələri struktur səmərəsizliyə və dərin borc böhranına sürükləyə bilər. Bu proses nə sülhə, nə də xalqların rifahına xidmət edir. Əksinə, Avropa və Ukrayna xalqı əvəzinə silah sənayesi korporasiyalarına xidmət edən yeni zorakılıq dövrünü təmsil edir”, – deyə o fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli