ABŞ-dən beynəlxalq hüquqa zidd NÖVBƏTİ ADDIM: “Əgər Azərbaycana hərbi yardımı kəsirsə…”


“Ermənistanı savaşa təhrik edən məhz maliyyə dəstəyi ilə savaş təşviqi siyasəti aparan ABŞ və Avropa Birliyidir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Konqresinin Qarabağ və Ermənistana 52 milyon dollarlıq ABŞ yardımını nəzərdə tutan və Azərbaycana hərbi yardımı kəsən 2022-ci ilin Maliyyə ili Xarici yardım Qanunun qəbulmetməsinə münasibət bildIrən deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, diqqət çəkən məqamlardan biri ABŞ-nin Azərbaycan üzərindən adlayaraq Qarabağa yardım siyasətini hələ də davam etdirməsidir. Digər tərəfdən, Azərbaycana hərbi yardımı dayandırması beynəlxalq hüquqa ziddir:

“Bu davranışı əsas götürərək ABŞ-yə etirazımızı ortaya qoymalıyıq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olduğu halda ABŞ-ın buraya ayrıca siyasi subyekt kimi yanaşması və özbaşına dəstək verməsi suveren hüquqlarımıza qarşı hörmətsizlikdir. ABŞ Azərbaycana hərbi yardımı kəsirsə, dərhal Əfqanıstandan hərbi birliyimizi çıxarmalıyıq. Konqresin bu addımına birbaşa cavab olaraq bu addım atılmalıdır.

Bu arada Ermənistan ehtiyatda olan əsgərlərinə üç ay müddətində təlim keçəcək. Demək ki, ABŞ və Avropa Birliyindən gələn vəsaitlər Ermənistanın savaşa hazırlaşmaq üçün nəzərdə tutduğu istiqamətlərə yönəldiləcək. Yeri gəlmişkən, bizdə də ehtiyatda olan hərbçilərin qısamüddətli yaşayış yerlərinə yaxın məntəqələrdə hərbi təlim keçməsini düşünməliyik. Hər halda düşmənin davranışlarına adekvat addımlar atılmasının ancaq faydası olardı.

Bir faktı da vurğulayaq ki, hələ Azərbaycan Sülhməramlı Güclə bağlı sənədi imzalamayıb, görünür maraqlarımıza tam uyğun gələn müddəalar üzərində tərəflər arasında yekun razılaşma əldə olunmalıdır. Ermənistan da Azərbaycanın bu sənədi imzalamamasından narahatdır və bunu baş nazir özü də dilə gətirib. Demək ki, müəyyən şansları hələ öz iradəmizə uyğun irəliyə daşıya bilirik. Biz Laçın dəhlizinin statusu məsələsini də Zəngəzur dəhlizinin statusu ilə birlikdə tənzimləməyi tələb etməliyik, praktikada erməniyə yaratdığımız imkanı sənəd üzərində qətiyyən yaratmaq olmaz”.

Gülşən Şərif