“ABŞ-Azərbaycan əməkdaşlığı digər sferalarda olduğu kimi, hərbi sahədə də yüksələn xətt üzrə davam edəcək”.
Bu fikirləri ABŞ Prezidenti Co Baydenin Azərbaycana hərbi yardım göstərilməsi ilə bağlı icazə verməsinə səbəb olan amilləri dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Hərbi ekspertin sözlərinə görə, istənilən ABŞ prezidentinin hərbi yardımla bağlı sənəd imzalaması onların şəxsi təşəbbüsü əsasında gerçəkləşmir. Bu, Amerika dövlətinin regiona və Azərbaycana olan marağından irəli gəlir:
“Baydenin ermənipərəst olması, çevrəsindəki ermənilərin çoxluğu və qondarma “soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərdən sonra Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyəcəyinə dair irəli sürülən iddialar əsassızdır.
Çünki prezidentlərin fəaliyyəti müvəqqəti, ABŞ-ın maraqları isə daimidir. Bu gün Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmək ABŞ-ın əsas maraqlarına uyğundur. ABŞ-ın Azərbaycanla ticarət dövriyyəsinin Gürcüstan və Ermənistanla müqayisədə xeyli geniş olduğunu nəzərə alsaq, Amerikanın marağını daha yaxşı anlamaq olur.
Bununla yanaşı, Azərbaycan həm də İranla həmsərhəddir. Həmçinin Bakı-Tiflis-Qars dəmiryolu, dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi”ndən sonra Xəzər hövzəsi ölkələri ilə bağlanan sazişlər, enerji daşıyıcısı olan xətlər, logistika və hava yolu, ABŞ-ın Əfqanıstana göndərdiyi hərbi və mülki yüklərinin Azərbaycan üzərindən daşınması kimi amilləri unutmaq olmaz.
Təbii ki, Azərbaycan ordusunda müasir texnologiyaların tətbiqi və apardığı son müharibədə qazandığı qələbə də göz önündədir. Bütün bu amillər fonunda ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırması məntiqli olmazdı. Düzdür, Azərbaycan sözügedən yardım olmasa da, keçinə bilər. Lakin bu yardım həm də əməkdaşlıq nümunəsidir”.
Gülşən Şərif
www.yenicag.az