ABŞ-ın Gürcüstan üzərindən Cənubi Qafqaza QAYIDIŞI: “Bu anlaşmada Türkiyənin də rolu var” – ŞƏRH

“Azərbaycanın gələcək inkişaf yolu Türkiyənin olduğu, Gürcüstanın inamla addımladığı və inteqrasiyanı dərinləşdirdiyi siyasi-iqtisadi məkandır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın 15 hərbi əsiri qaytarmasının qarşılığında Ermənistanın Ağdamdakı minalanmış ərazilərin xəritəsini verməsini məhz Gürcüstanın vasitəçiliyi sayəsində baş tutmasının pərdəarxası məqamlarını şərh edən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda mövqelərini bərpa etmək üçün hərəkətə keçib və Vaşinqtonun bu istiqamətdə hazırladığı planda Türkiyədə də yer alır:

“Xatırlayırsınızsa, hələ bir neçə ay əvvəl Gürcüstan hökuməti Azərbaycanla Ermənistan arasında mühaibədən sonrakı dövr üçün nizamlama ilə bağlı öz vasitəçiliyini təklif etmişdi. Lakin o zaman Azərbaycan cəmiyyəti bu təklifi ciddiyə almadı.

Bildiyiniz kimi, Gürcüstan artıq uzun müddətdir öz siyasi oriyentasiyasını müəyyənləşdirib. O ölkədə müəyyən Rusiyameyllilik hiss olunsa da, üzlərini birmənalı Qərbə çeviriblər.

Digər tərəfdən, ABŞ-da Baydenin hakimiyyətə gəlişi ilə əlaqədar Vaşinqton qlobal demokratikləşməyə yönəlik yeni dalğa başlatmaqdadır. Bu çərçivədə ABŞ-ın Avropa İttifaqı, Böyük Britaniya, o cümlədən, Cənubi Qafqaz dövlətləri, xüsusilə də Gürcüstan və Azərbaycanla münasibətlər sisteminə yeni baxışı Vaşinqtonun bölgəyə yenidən əl qoyması anlamına gəlir.

İndiki şəraitdə Gürcüstanın irəli verilməsi isə bu ölkənin hələ Saakaşvili dönəmindən etibarən, oturuşmuş demokratik sistemə malik olmasıdır. Buna haradasa “Amerika layihəsi” də deyilə bilər.

O baxımdan, ABŞ Gürcüstanın Azərbaycanla Ermənistan arasında effektli vasitəliyini təmin etməklə, rəsmi Tiflisin bölgədəki nüfuzunu artırmağı düşünür. Eyni zamanda, Azərbaycanın bu jestə qarşılıq verməsi o deməkdir ki, məlum anlaşmada Türkiyənin də yeri və rolu var.

Hesab edirəm ki, Azərbaycanın gələcək inkişaf yolu Türkiyənin olduğu, Gürcüstanın inamla addımladığı və inteqrasiyanı dərinləşdirdiyi siyasi-iqtisadi məkandır. Regionda Rusiyaya qarşı dayanıqlı platformanın yaradılması baxımından, bu addımı müsbət qiymətləndirirəm.

Rusiyanın bu gedişata qarşı əks-həmlə niyyətinə düşəcəyi aydındır. Amma o da nəzərə alınmalıdır ki, Kreml indiki durumda Azərbaycan əleyhinə otuz il əvvəl sınaqdan çıxardığı metodlarla heç nəyə nail ola bilməz. Xüsusilə, Vətən müharibəsində dünyaya sərgilənən daxili milli həmrəylik Rusiyanın Azərbaycanda etnik zəmində gərginlik yaratmaq cəhdlərinin əbəs olacağını göstərir”.

A.Zeynalov