Tramp Putinlə nə danışdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb.
Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb ki, rusiyalı həmkarı ilə telefon danışığı çox məhsuldar olub.
“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım indicə başa çatıb və bu, çox məhsuldar olub. Prezident Putin məni və ABŞ-ı Yaxın Şərqdə sülhün əsrlər boyu arzuladığı böyük nailiyyət münasibətilə təbrik edib. Mən həqiqətən inanıram ki, Yaxın Şərqdə uğur Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlarda nəticə əldə etməyə kömək edəcək”, – deyə Tramp bildirib.
Tramp deyib ki, o, Putinlə Ukrayna ilə müharibə başa çatdıqdan sonra Rusiya və ABŞ arasında ticarət perspektivləri barədə də geniş müzakirələr aparıb.
“Zəngin sonunda biz razılaşdıq ki, gələn həftə yüksəksəviyyəli məsləhətçilərimizin görüşü olsun. Birləşmiş Ştatların ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Prezident Putinlə mən razılaşdırılmış yerdə, Budapeştdə, Macarıstanda görüşəcəyik”.
O, sabah Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Putinlə danışığının nəticələrini və daha çox şeyi müzakirə edəcəyi qənaətinə gəlib: “İnanıram ki, bugünkü telefon danışığı əhəmiyyətli irəliləyiş əldə edib”./Report/