ABŞ-ın İrana qarşı sonuncu "rıçaqı": Diplomatik masa devrilir, hərbi əməliyyat başlayır?
İran və ABŞ arasında Hörmüz boğazı ətrafında gərginlik artarkən, Trampın müttəfiqlərinə etdiyi dəfələrlə çağırışlar hələ də cavabsız qalır. Belə bir vəziyyətdə rəsmi Vaşinqton İrana qarşı quru əməliyyatına başlaya bilərmi? Bu hücum haradan və necə reallaşa bilər?
Sözügedən sualları Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev ətraflı şərh edib:

“İran və Amerika arasında Hörmüz boğazında quru döyüşlərinin keçirilməsi tamamilə mümkündür. Faktiki olaraq, İran tərəfi hazırda danışıqlara meylli deyil. Bundan əlavə, Tehran ABŞ və İsrailin şərtlərini heç bir halda qəbul etmək niyyətində görünmür. Görünən odur ki, ABŞ prosesin daha da uzanmaması üçün ən azından quru əməliyyatları ilə bağlı ciddi addımlar atmalıdır. Bu məqsədlə Hark və Hörmüz adaları əsas hədəf olaraq seçilib. Əslində, bu adaların nəzarətə götürülməsi həm İranın neft-qaz ixracına sarsıdıcı zərbə vuracaq, həm də İrana qarşı genişmiqyaslı quru əməliyyatları üçün strateji “körpü” rolunu oynayacaq.
ABŞ Hörmüz üzərindəki hər hansı adanı işğal etməklə, oradan İranın içərilərinə doğru quru hücumlarına start verə bilər. Təbii ki, burada hər şey diplomatik masadakı gedişatdan asılı olacaq. Əgər İran danışıqlara qayıdarsa, belə bir riskli əməliyyata ehtiyac qalmaz. Prinsipcə, mən Amerikanın belə bir əməliyyatı xüsusi canfəşanlıqla arzuladığını düşünmürəm. Lakin Ağ Ev buna məcbur qalacaqsa, bu o deməkdir ki, Vaşinqtonun əlində İrana qarşı başqa heç bir təzyiq rıçaqı qalmayıb”.
Nurlan Cəfəri













