ABŞ-İran razılaşmasının dollara TƏSİRİ: Qısamüddətli bazar reaksiyası, yoxsa?
“ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı fikirlər müəyyən iqtisadi məntiqə əsaslansa da, bu təsirin nə qədər davamlı olacağı mübahisəlidir”.
Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Son günlər bazarlarda həqiqətən də dolların zəifləməsinin müşahidə olunduğunu deyən ekspert bunun səbəbini belə izah edib:
“Bunun əsas səbəbi investorların geosiyasi risklərin azalacağını düşünməsi və nəticədə təhlükəsiz liman hesab edilən dollara tələbin bir qədər azalmasıdır. Eyni zamanda, razılaşma fonunda neft qiymətlərinin aşağı düşməsi inflyasiya təzyiqlərini zəiflədərək dollar üzərində əlavə təzyiq yaradıb. Lakin bu vəziyyətdən dolların uzunmüddətli ucuzlaşacağı nəticəsini çıxarmaq düzgün olmazdı. Valyuta məzənnələrinə təsir edən əsas amillərdən biri ABŞ iqtisadiyyatının vəziyyəti və Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətidir. Əgər ABŞ iqtisadiyyatı güclü qalarsa və FED yüksək faiz dərəcələrini qoruyarsa, dollar yenidən möhkəmlənə bilər. Hesab edirik ki, hazırkı ucuzlaşma daha çox qısamüddətli bazar reaksiyası xarakteri daşıyır.
Digər tərəfdən, ABŞ-İran münasibətlərində sabitliyin yaranması dünya enerji bazarında təklifin artmasına və neft qiymətlərinin aşağı səviyyədə qalmasına səbəb olarsa, bu, inflyasiyanın azalmasına və gələcəkdə faiz dərəcələrinin aşağı salınması ehtimallarına təsir göstərə bilər. Belə bir ssenaridə dollar üzərində müəyyən zəifləmə təzyiqi davam edə bilər”.
İqtisadçı yekun olaraq, “ABŞ-İran razılaşması dolları ucuzlaşdıracaq” fikrinin tamamilə əsassız olmadığını da vurğulayıb:
“Bazarlarda artıq belə bir reaksiya müşahidə olunub. Ancaq bu amil təkbaşına dolların uzunmüddətli taleyini müəyyən etmir. Dolların gələcək məzənnəsi daha çox ABŞ iqtisadiyyatının göstəricilərindən, FED-in buna uyğun qərarlarından və razılaşmanın nə dərəcədə davamlı olacağından asılıdır. Buna görə də dolların ciddi və uzunmüddətli ucuzlaşacağı barədə qəti nəticə çıxarmaq hələ tezdir”.
Cəvahir













