!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin antiAzərbaycan ritorikasından İMTİNASI: “Münasibətlərdə yaxınlaşma müşahidə etsək də...”

!Reklam – Yazi

“Antiterror əməliyyatlarının sayəsində Qərbin Qarabağda yaşayan erməni əhali ilə bağlı ortaya atdığı təhlükəsizlik tələbi gündəmdən çıxarıldı”.

Bu fikirləri bir müddət öncə Azərbaycana qarşı sərt ritorika ilə çıxış edən ABŞ-nin mövqeyində rəsmi Bakıya yönəlik dəyişikliyin mümkün səbəblərini dəyərləndirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, son zamanlar ABŞ rəsmilərinin antiAzərbaycan ritorikası zəifləməkdədir:

“ABŞ-nin dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng vuraraq mövcud reallıqları müzakirə etməsi bunun göstəricisidir. Telefon danışığı zamanı İlham Əliyev Azərbaycanın ABŞ-a qarşı haqlı iradlarını Blinkenin diqqətinə çatdırıb.

Xüsusilə, Qarabağda qanunsuz fəaliyyət göstərən separatçı rejimə qarşı Azərbaycanın keçirdiyi antiterror əməliyyatları ABŞ-nin regional maraqlarının tamamilə əksinə idi. Qərbin Ermənistan üzərindən regionda yeni reallıqlar formalaşdırmaq istəyi baş tutmadı.

Antiterror əməliyyatlarının sayəsində Qərbin Qarabağda yaşayan erməni əhali ilə bağlı ortaya atdığı təhlükəsizlik tələbi də gündəmdən çıxarılmış oldu. Azərbaycan qəti siyasi iradəsini ortaya qoyaraq Ermənistanın da sülh müqaviləsinin imzalanması üçün siyasi iradə göstərməsinə çalışır.

Bu addımlar isə Qərb tərəfindən isti qarşılanmır. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması 10 noyabr üçtərəfli bəyanatında yer alan kommunikasiyaların təhlükəsizliyini Rusiyanın təmin etməsi ilə bağlı bəndin gerçəkləşməsi deməkdir.

Bu isə Qərbin Rusiyanı Cənubi Qafqaz regionundan kənarlaşdırmaq planına uyğun deyil. Azərbaycanla münasibətlərin pisləşməsinin əsas səbəbi ABŞ-nin neoimperialist maraqları idi. Lakin Azərbaycanla təhdid dilində danışmağın uğurlu seçim olmadığını və ən böyük düşməni olan Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının artdığını görən ABŞ öz mövqeyində dəyişiklik etməli oldu.

Gələcəkdə ABŞ və Azərbaycan arasında münasibətlərdə yaxınlaşma müşahidə etsək də, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının ləngiməsinin şahidi olacağıq. ABŞ dəfələrlə Azərbaycanın Ermənistana təklif etdiyi sülh variantını təqdir edib.

Ancaq İrəvanın prosesi ləngitməsi ilə bağlı ABŞ-dan Ermənistana qarşı nəinki təzyiq, heç yüngül irad da bildirilməyib. ABŞ-nin bu mövqeyi isə nə Cənubi Qafqaz dövlətlərinin, nə də bölgədə yaşayan xalqların maraqlarına uyğun deyil”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv