ABŞ-nin İranla birbaşa toqquşmadan çəkinməsi: Tramp niyə Xamneyiyə toxynmadı?

media-hightechnic-468x90

“ABŞ daxilindəki siyasi və ictimai rəy İrana qarşı genişmiqyaslı hərbi əməliyyata qarşıdır”.

Bunu ABŞ-nin İranda quru əməliyyatlar həyata keçirməməsinin səbəbləri barədə danışarkən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, ABŞ uzun illərdir, Yaxın Şərqdə hərbi-siyasi proseslərin aparıcı aktorudur:

“Əfqanıstan, İraq, Suriya kimi ölkələrdə birbaşa quru əməliyyatları aparmaqdan çəkinməyən Vaşinqtonun İran mövzusunda bu qədər ehtiyatla davranması ilk baxışdan ziddiyyətli görünə bilər. Lakin bu məsələ sadəcə hərbi və ya taktiki deyil. İranın coğrafi, demoqrafik və siyasi strukturu onu hərbi müdaxiləyə qarşı təhlükəli və çətin hədəfə çevirir. Misal üçün, İraqa müdaxiləsi zamanı ABŞ daha zəif dövlət strukturu və içəridə parçalanmış cəmiyyətlə qarşılaşdı. İran isə həm geniş əraziyə, həm dağlıq və çətin relyefə, həm də ciddi hərbi müqavimət potensialına malikdir. Üstəlik, İran cəmiyyətində anti-Amerika ideologiyası uzun illərdir ki, sistemli şəkildə qurulub və bu, mümkün hərbi müdaxiləni “xilasedici əməliyyat” deyil, “işğal” və “müqəddəs müharibə” kimi təqdim etməyə imkan verir.

ABŞ üçün digər kritik məsələ İranla toqquşmanın qlobal güc balansına təsiridir. İrana qarşı quru əməliyyatı sadəcə regional yox, qlobal müharibə riskini artırır. Çin və Rusiya ilə münasibətlərin gərgin olduğu bir zamanda ABŞ-nin İranla toqquşması bu iki aktoru daha da yaxınlaşdırar və yeni güc mərkəzinin formalaşmasını sürətləndirər. Belə bir proses ABŞ-nin hazırkı dünya nizamındakı liderliyini təhdid edə bilər. Bu səbəbdən Vaşinqton strateji mövqeyini qorumaq üçün sərt gücdən daha çox, məhdud və texnoloji müdaxilə, iqtisadi təzyiq, diplomatik təcrid kimi alətləri üstün tutur.

Nəhayət, ABŞ daxilindəki siyasi və ictimai rəy də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata qarşıdır. Əfqanıstan və İraq təcrübələrindən sonra Amerika cəmiyyəti uzun və bahalı müharibələrə qarşı həssasdır. Bu səbəbdən də ABŞ rəhbərliyi, xüsusən də Tramp kimi populist siyasi fiqurlar İranla açıq qarşıdurmanı deyil, idarəolunan gərginliyi və lokal zərbələrlə balansı qorumağı üstün tutur”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600