Tramp-Netanyahu xəttində ZİDDİYYƏT: İranın nüvə kartı kimə SƏRF EDİR?
“İranla İsrail arasında olan atəşkəs də yaxın müddətdə pozula bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu bildirib.
Politoloq İran parlamentinin MAQATE ilə əməkdaşlığı dayandıran qanun layihəsi qəbul etməsini şərh edib:
“ABŞ və İran arasında nüvə danışıqları ilə bağlı pozitiv meyllər müşahidə olunurdu. İran rəsmən bəyan etmişdi ki, nüvə silahını əldə etməyəcəyinə zəmanət verir və təbii ki, bu da Netanyahu hökumətini, eləcə də ABŞ-də olan sionist lobbini narahat edirdi. Çünki İranla ABŞ arasında mümkün razılaşma əldə olunardısa, o zaman Netanyahunun nüvə təhdidi arqumenti əlindən alınacaqdı. Bu da o deməkdir ki, Netanyahu daxildə ciddi problemlərlə üzləşə bilərdi. Müharibələrə son qoyulacağı halda və müharibələr nəticəsində arxa plana keçən korrupsiya ittihamları, HƏMAS-la bağlı qeyri-müəyyənlik, eyni zamanda Netanyahuya qarşı səsləndirilən ittihamlar ön plana çıxarsa daxildə ciddi problemlər yarana bilərdi”.
“Ona görə də Netanyahu İrana hücum etməklə ABŞ və İran arasındakı danışıqlar prosesini pozdu. Bundan sonrakı dövrlərdə isə İran da radikal addımlar atdı və İran parlamenti qərar qəbul etdi ki, ümumiyyətlə, MAQATE ilə əməkdaşlıq dayandırılsın. Bu da onu deməyə əsas verir ki, İranın bundan sonra heç bir beynəlxalq təşkilatı nüvə proqramı ilə bağlı məlumatlandırmayacaq, eyni zamanda beynəlxalq təşkilatların İranın nüvə obyektlərini araşdırmasına qapılar bağlı olacaq. Bu isə müəyyən qədər gərgin bir vəziyyət yarada bilər. Digər tərəfdən, müharibənin gedişi zamanı da istər Rusiya, istərsə də Çin tərəfindən İrana dəstək verilməsi ehtimalları səsləndirildi. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin İrana nüvə başlıqları vermə təklifi və digər amillər qarşıdurma coğrafiyasının genişləndirilməsi ilə bağlı müzakirələrin önə çıxmasına səbəb oldu”, – deyə o, əlavə edib.
Politoloq qeyd edib ki, ABŞ İranın vurulmasının əleyhinə olub:
“İranın vurulması ABŞ-nin maraqlarına qəti cavab verməyib. Ona görə ki neftin qiymətinin bahalaşması, eyni zamanda Trampa qarşı daxildəki təzyiqlərin artması ilə nəticələnə bilərdi. Əgər vəziyyət daha gərgin mərhələyə qədəm qoysaydı, o zaman İranın xüsusilə İraq, Yəmən və Livanda proksi qüvvələri və “beşinci kolon”u ABŞ-nin hərbi bazaları və diplomatik korpusunu hədəf ala bilərdilər. Bu isə o deməkdir ki, ABŞ-də ictimai rəy Trampın əleyhinə keçə bilərdi”.
Ə. Zülfüqaroğlu qeyd edir ki, ABŞ İranın nüvə istehsalını yekunlaşdırdığını hesab edir:
“12 günlük savaşdan sonra Tramp bildirdi ki, İranın nüvə silahı əldə etməsi birmənalı olaraq ləğv edildi və nüvə təchizatları məhv edildi. Buna baxmayaraq, İsrail prezidenti açıqlama verdi ki, İranın nüvə silahı istehsalı riski hələ də qalır. Bu məsələdə Tramp və İsrail hökuməti arasında müəyyən fikir ayrılıqları olması önə çıxırdı. Eyni zamanda Tramp hökuməti daxilindəki amerikan milliyyətçiləri ilə sionist lobbi təsiri altında olan yüksək rütbəli şəxslər arasında ciddi qarşıdurma yarandığı müşahidə edilirdi. Tramp üçün də bu qeyri-müəyyənliklər və tərəddüdlər yaradırdı. İstənilən halda ABŞ müharibələrdə maraqlı deyil və digər tərəfdən isə İranla İsrail arasında olan atəşkəs də yaxın müddətdə pozula bilər”.
Nurlan Cəfəri