ABŞ-nin qanunsuz Karib əməliyyatı: Saxlanılanlar məhkəməyə çıxarılmır
Pentaqon Karib dənizində guya narkotik daşıyan gəmilərə edilən zərbələrdən sonra sağ qalanlar barəsində məhkəmə proseslərinin keçirilməsində maraqlı deyil, çünki bu halda ABŞ administrasiyası öz əməliyyatları üçün hüquqi əsaslandırma təqdim etməli olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti yazıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, oktyabrın sonunda Pentaqon rəsmiləri onlarla diplomatla görüş keçiriblər. Müharibə Nazirliyinin nümayəndələrinin fikrincə, xilas edilən sağ qalanlar ABŞ-yə deyil, üçüncü ölkələrə və ya öz doğma dövlətlərinə göndərilməlidir. NYT-nin yazdığına görə, Pentaqon sağ qalanların Amerika məhkəmə sisteminin əlinə keçməsini istəmir, çünki bu halda ABŞ administrasiyası regiondakı hərbi kampaniya üçün əsaslandırma verməli olacaq.
ABŞ hərbçiləri sentyabrın 2-dən etibarən narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Karib dənizində və Sakit okeanın şərq hissəsində gəmilərə qarşı ən azı 22 hücum həyata keçiriblər. Hücumlarda azı 87 nəfər həlak olub, iki nəfər xilas edilərək doğma ölkələrinə – Kolumbiya və Ekvadora göndərilib. NYT qeyd edib ki, hərbçilər məhv edilmiş gəmilərin, həqiqətən də, narkotik ticarəti üçün istifadə edildiyini göstərən sübutlar təqdim etməyiblər.
Avqust ayında “The New York Times” qəzetinin verdiyi məlumata görə, Tramp Latın Amerikası narkokartellərinə qarşı hərbi güc tətbiqinə başlamaq barədə qapalı direktiv imzalayıb. Bundan sonra ABŞ Silahlı Qüvvələrinin əhəmiyyətli əlavə hissələri Karib dənizi regionuna köçürülüb. Daha sonra Amerika hökuməti Karib dənizində və Sakit okeanın şərq hissəsində ABŞ istiqamətində narkotik daşıyan katerlərə havadan zərbələr endirməyə başlayıb.












