!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-nin Türkiyənin hazırladığı hərbi əməliyyata sərt təpki verməyəcəyini gözləmək olar” - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Ukraynaya hücumunun davam etdiyi bir vaxtda Ankaranın bölgədə rolu və təsir imkanları artıb”.

Bu fikirləri Türkiyənin Suriyanın şimalında başlamağı planlaşdırdığı növbəti hərbi əməliyyat ərəfəsində bölgədə maraqları olan ölkələrin yanaşmasını dəyərləndirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud şərait və imkanlar Türkiyəyə nəzərdə tutduğu əməliyyatla bağlı mümkün riskləri aradan qaldırmağa tam imkan verir:

“Tükiyə Suriyada sayca beşinci antiterror əməliyyatına hazırlaşır. Ankara bu əməliyyat nəticəsində Suriyanın şimalında Məmbic və Təl-Rifat bölgəsinin PPK, YPG, PYD terrorçularının nəzarətindən çıxarmağa çalışır. Türkiyə bu bölgədə də təhlükəsiz zona yaratmaqla ölkədəki Suriya qaçqınlarının bir hissəsini geri qaytararaq məskunlaşmasını təmin etmək istəyir.

Digər tərəfdən, Türkiyənin Suriyada yeni hərbi əməliyyat planı ərəfəsində Ankara əsas etibarilə ABŞ-nin loyal mövqeyinə nail olmağı hədəfləyib. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair danışıqlar prosesində Ankaranın PKK terrorçuları ilə yanaşı, Suriyada təhlükəsizlik maraqlarının təmin olunmasını da qarşıya məqsəd qoyub.

Son günlər Bayden administrasiyasından Türkiyəyə F-16 qırıcı təyyarələrinin verilə biləcəyi ilə bağlı açıqlamaların verilməsi amerikalılarla danışıqların davam etdiyini və ilkin razılaşmaların olduğunu söyləməyə əsas verir. Rusiyanın Ukraynaya hücumunun davam etdiyi bir vaxtda Ankarının bölgədə rolu və təsir imkanları artıb. Həmçinin yaxın gələcəkdə geosiyasi rəqabət müstəvilərindən biri olacağı şübhə doğurmayan Orta Asiya və Xəzər bölgəsində Türkiyənin güclü mövqeyi ABŞ-nin yanaşmasını dəyişib.

Bu baxımdan, ABŞ-nin Türkiyənin Suriyadakı mümkün hərbi əməliyyatına sərt təpki verməyəcəyini gözləmək olar. Qeyd olunan çərçivədə digər bir məsələ ABŞ Prezidentinin iyul ayında Yaxın Şərq bölgəsinə gözlənilən səfəri ilə bağlıdır. Vaşinqtonda bu səfər ərəfəsində bölgədə vəziyyəti gərinləşdirəcək addım atmaq istəmirlər. Ona görə də hesab edirəm ki, Türkiyənin bu amili nəzərə almasına cəhd göstəriləcək.

Planlaşdırılan əməliyyatla bağlı Rusiyanın da Türkiyəyə yönəlik sərt mövqe ortaya qoymayacağını proqnozlaşdıra bilərik. Moskva Ankaradan öz maraqları üçün təminat almağa çalışır. Türkiyə Rusiya ilə bu məsələlərdə anlaşmaqda maraqlıdır. Türkiyənin loyal mövqeyi və Rusiyaya qarşı cəbhədə yer almaması Kreml üçün çox vacibdir. Bu səbəbdən güman etmək olar ki, ruslar Türkiyənin Suriyanın şimalında keçirəcəyi əməliyyata münasibətdə formal etirazlardan irəli getməyəcəklər.

Bu məsələdə hələ ki daha çox İranın sərt yanaşması müşahidə edilir. Hazırda Tehran Bəşər Əsədin maraqlarını ifadə edir və Türkiyənin ünvanına sərt bəyanatlar səsləndirir. Bununla belə, gözləmək olar ki, Türkiyə Prezidentinin Tehrana nəzərdə tutulan səfərindən sonra tərəflər arasında razılığın əldə edilməsi mümkün görünür.

Öz növbəsində, Türkiyə hökuməti Əsəd iqtidarı ilə bağlı təhlükəsizlik maraqlarının təmin olunacağı öhdəliyi götürə bilər. Düşünürəm ki, müəyyən şərtlər daxilində İranı razı salmaq mümkündür.

Türkiyənin hazırda bütün maraqlı tərəflərlə danışıqlar apardığını və planlaşdırdığı hərbi əməliyyatın masa hazırlığının görüldüyünü demək üçün əsas var. Mənzərəni ümumiləşdirsək, indiki ərəfədə Ankaraya ciddi mane ola biləcək amillərin olmadığını deyə bilərik. Mövcud şərait və imkanlar Türkiyəyə mümkün riskləri aradan qaldırmağa tam imkan verir”.

A.Zeynalov

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv