!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ ordusu Suriyada Rusiya ilə toqquşacaq?

!Reklam – Yazi

Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, Suriyada kimyəvi silahdan istifadə edilməyi və bunun ətrafında baş verən gərginlik ABŞ-la Rusiya arasında hərbi toqquşmaya səbəb ola bilər.

Yenicag.az məlumat vermişdi ki, Əsəd rejiminin Şərqi Qutaya hücumu fonunda onun yenidən bu vilayətin Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silah işlətdiyi və nəticədə 70 nəfərin öldüyü barədə məlumatlar yayılıb. Kimyəvi silahdan istifadəyə görə Əsədi “heyvan” adlandıran ABŞ prezidenti Donald Tramp həmçinin İran və Rusiyanı da günahlandırıb. O, bunun ağır nəticələrinin  olacağını bildirib.

Fransa prezidenti Emanuel Makron da Suriyanı zərbə endirməklə hədələyib. Əsəd və onun arxasında duran Rusiya isə bu ittihamları rədd edir.  Rusiya və ABŞ başda olmaqla daha 8 ölkə məsələni ayrı-ayrılıqda BMT-yə çıxarıblar. Həmçinin, ABŞ prezidenti yaxın bir-iki  günə adminstrasiyanın Suriya məsləsində böyük bir qərar verəcəyini də bəyan edib. Düzdür, o həmin qərarın nədən ibarət olacağını açıqlamayıb.

Son məlumatlara görə isə Amerikanın “Tomahawk” raketi ilə təchiz edilən “Donald Kuk” eskadra mina gəmisi Suriya sahillərinə yan alıb. Rusiyaya məxsus təyyarələr dörd dəfə gəmi üzərindən uçuş ediblər. Bütün bu hadisələr onu göstərir ki, Suriya ətrafında ABŞ-la Rusiya arasında gərginlik artıq pik həddədir.

Yaranmış durumu Yenicag.az-a açıqlamasında şərh edən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Vaşinqtonla Moskva arasında birbaşa savaşın olacağına inanmadığını deyib. Bununla belə onun fikrincə, hər iki tərəfin dəstəklədiyi müxtəlif qruplaşmalar arasında isə toqquşmaların intensivləşəcəyi ehtimalı daha böyükdür:

“Suriya məsələsində bir tərəfdən ABŞ və müttəfiqləri, digər tərəfdən isə Rusiya və müttəfiqləri arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, onlar arasında birbaşa savaşın olacağını gözləmirəm.

Düzdür, adı çəkilən dövlətlər arasında münasibətlərin gərgin olması Yaxın Şərqə müsbət heç nə vəd etmir. Əksinə, bu gərginlik orada cərəyan edən konfliktin daha da dərinləşməsi, münaqişələrin daha da alovlanması deməkdir. Bu fonda bölgədə fəaliyyət göstərən müxtəlif qruplaşmalar bir-birinə daha aktiv şəkildə silah çevirməyə başlayacaqlar. Amma heç bir halda yaranmış növbəti gərginlik ABŞ-la Rusiyanın bir-birinə müharibə elan etməsi və ya açıq qarşıdurmaya gedəcəklərini ifadə etmir.

Yaxın Şərqdə bu iki ölkə və onların müttəfiqlərinin maraqlarını ifadə edən kifayət qədər silahlı qruplaşmalar onsuz da var. Demək istəyirəm ki, ABŞ-la Rusiya arasında münaqişə birbaşa öz aralarında deyil, həmin qruplaşmalar arasında olan toqquşmalarla aparılır. Yəni bu ölkələr dolayısı ilə zatən bir-birilə müharibə vəziyyətindədir. Amma birbaşa toqquşmalar olmayacaq. Çünki belə bir toqquşmanın olması təkcə Yaxın Şərq deyil, bütün dünya üçün böyük bir fəlakətlə nəticələnə bilər. Son zamanlar fikir verirsinizsə, Ukranyada da hərbi müstəvidə bir qədər aktivlik nümayiş etdirilir. Ona görə düşünmürəm ki, ABŞ və Rusiya liderləri belə bir risqə getsinlər. Trampın bu fonda yaxın 24-48 saat ərzində Suriya ilə bağlı böyük bir qərar verəcəyilə bağlı dediyi fikirlərə gəldikdə, fikrimcə, bu sözdə ABŞ qoşunlarının Suriya ərazisindən çıxarılması ilə bağlı qərar ola bilər. Çünki, hətta belə bir bəyanat verilsə də belə, bu o demək olmayacaq ki, ABŞ əməldə də Suriyada öz hərbi mövcudluğuna son qoyacaq.

Buna şəxsən inanmıram. Çünki, Suriyadan çəkinmək ABŞ-ın zatən İraqda çox aşağı səviyyədə olan mövcudluğunun da sona yetməsi demək olacaq. Bu həm də bütövlükdə bölgəni İrana təhvil vermək deməkdir.

Mümkündür ki, ABŞ sözdə Suriyadakı hərbi mövcudluğuna son qoyduğunu bəyan edərək, orada dəstəklədiyi silahlı dəstə və təşkilatlara hərbi və maliyyə dəstəyini daha da artıracaq. Əlavə olaraq, Vaşinqton Suriya prosesinə ərəb ölkələrini daha aktiv şəkildə cəlb etmək üçün onlara da ciddi dəstək verəcək. Bu da öz növbəsində ərəb-İran münasibətlərinin daha da gərginləşməsinə səbəb ola bilər. Zənnimcə, Trampın bir-iki günə Suriya məsələsində böyük bir qərarın verilə biləcəyi açıqlaması ilə Səudiyyə Ərəbistanı vəlihədi Məhəmməd ibn-Salmanın İranla bağlı son açıqlaması arasında bir bağlılıq vardır”.

ELÇİN

www.yenicag.az

2739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv