“Türkiyənin Şərqyönümlü siyasətinin uzunmüddətli olacağını söyləyə bilərik”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyalı politoloq, Yaxın Şərq üzrə mütəxəssis Harun Sidorov deyib.
– Donald Tramp bildirib ki, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi variantlarına baxılır. Bu mövqe Camal Qaşıqçının qətli, yoxsa Ankara və Vaşinqton arasında münasibətlərin normallaşması ilə əlaqədardır?
– Tramp dəfələrlə bəyan edib ki, onun üçün xarici siyasətdə ilk yerdə Amerikanın praqmatik maraqları dayanır və buna mane olan digər düşüncələr mənasızdır. Yəni Trampın fəlsəfəsi bundan ibarətdir ki, söhbət Amerikanın maraqlarından gedirsə, o zaman demokratik ideallar, insan haqları, siyasi sığınacaq kimi məsələlər ABŞ-ın müttəfiqləri ilə münasibətlərinə zərbə vurursa, o halda həmin dəyərlər qurban verilə bilər.
Lakin onu da başa düşmək lazımdır ki, Tramp ABŞ-da təkbaşına qərar vermək imkanında deyil – Gülən məsələsində son söz məhkəmə instansiyalarına məxsusdur. Hazırda Trampın məhkəmələrə təsir imkanı artsa da, bu, hələ ki belə bir qərar çıxarılmasını təmin edəcək səviyyədə deyil.
– Bu gün ABŞ-Türkiyə münasibətləri necə görünür?
– İndiki vəziyyətdə ABŞ-Türkiyə münasibətlərinin normallaşması müşahidə olunur. Ancaq müasir dünya siyasətinin reallıqları və hər iki ölkə liderinin temperamenti elədir ki, ABŞ-Türkiyə münasibətləri bir anda kökündən dəyişə bilər.
– Ankaranın Vaşinqtonla yaxınlaşması fonunda Türkiyə-Rusiya münasibətlərini necə qiymətləndirirsiz?
– Göründüyü qədər, Türkiyə-Rusiya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşması çətin ki bu yaxınlığa təsir göstərsin. Ümumiyyətlə, Türkiyənin Şərqyönümlü siyasətinin uzunmüddətli olacağını söyləyə bilərik.
– Türkiyənin açıq şəkildə İranı dəstəkləməsi Ankaranın Vaşinqtonla münasibətlərinə təsir göstərəcək?
– Bayaq da dedim, ABŞ və Türkiyə prezidentlərinin siyasi temperamenti ikitərəfli münasibətlərin inkişafında həlledici amil kimi çıxış edir. İranın sanksiyalar yolu ilə “boğdurulması” Trampın komandası üçün prinsip məsələsidir. Əgər Türkiyə buna mane olmağa çalışarsa, o zaman Ankara da bu və ya başqa dərəcədə sanksiyaların təsirinə məruz qala bilər.
www.yenicag.az