ABŞ Ukraynanın yeraltı sərvətlərini ƏLƏ KEÇİRİR: “Əgər Rusiya atəşkəslə razılaşmasa...”
“Bu, ABŞ-nin Ukraynanın müstəqil dövlət kimi mövcudluğuna daha çox sərmayə qoyması üçün zəmin kimi dəyərləndirilir”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ və Ukrayna arasında imzalanan faydalı qazıntılarla bağlı sazişin perspektivlərindən danışan beynəlxalq münasibətlər üzrə ekspert İqor Qretski deyib.
Onun sözlərinə görə, Ukraynanın faydalı qazıntıları ABŞ üçün uzunmüddətli strateji əhəmiyyət daşıyır:
“ABŞ və Ukrayna arasında bu həftə imzalanan faydalı qazıntılar üzrə saziş iki ölkə arasında strateji tərəfdaşlıq yarada bilər. Bu saziş həmçinin ABŞ-nin Ukraynaya hərbi yardımını bərpa etməsinə şərait yarada və Tramp administrasiyasının sülh danışıqları planlarının uğursuzluğuna dair məyusluğunu əks etdirə bilər. Ukraynanın nadir torpaq elementləri də daxil olmaqla zəngin mineral ehtiyatlara malik olması bu əməkdaşlığın əsasını təşkil edir”.
O, söyləyib ki, Ukraynanın mineral ehtiyatlarının birgə emalını nəzərdə tutan investisiya fondu barədə saziş yaxın dövrdə mədənçıxarma sektorunda sürətli inkişaf yaratmasa da, onun mühüm siyasi əhəmiyyəti var:
“ABŞ-nin Ukraynanın müstəqil dövlət kimi mövcudluğuna daha çox sərmayə qoyması üçün zəmin kimi dəyərləndirilir. ABŞ bu sazişə qısamüddətli iqtisadi maraq kimi deyil, uzunmüddətli strateji plan kimi baxır. Rusiyada da bunun fərqinə varırlar. Əgər Rusiya atəşkəslə razılaşmasa, ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi yardımını artıra bilər. Bu saziş ABŞ administrasiyasının Ukraynaya gələcəkdə daha geniş silah tədarükü üçün öhdəlik götürə biləcəyini göstərir”.
Nəsimi Ələsgərli