ABŞ-Venesuela qarşıdurması: Trampa qarşı təzyiqlər artır
“Amerika Venesuela ilə müharibədən yayınmaq üçün bütün alternativlərə göz atır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
Şərhçi qeyd edib ki, ABŞ-Venesuela hərbi toqquşmasının baş vermə ehtimalı çox aşağıdır.
Onun fikrincə, Tramp İranı görüntü xatirinə vurmağa məcbur qaldığı kimi Venesuelaya qarşı da sərt təzyiqlər etməyə məcburdur:
“ABŞ tərəfindən narkoticarətlə bağlı Venesuela hökumətinə qarşı ciddi hüquqi ittihamlar yer alır. Birləşmiş Ştatlar siyasətinə ciddi təsir imkanlarına sahib olan güclü dini qruplar ABŞ-yə daxil olan narkotikanın əngəllənməsi üçün hökuməti Venesuelaya zərbə vurmağa məcbur etməyə çalışırlar. Necə ki sionist lobbi görüntü xarakteri daşısa da, ABŞ hökumətini İrana zərbə vurmağa məcbur edə bildi”.
Əli Zülfüqaroğlu deyib ki, Tramp aralıq seçkilərində problemlə üzləşməmək üçün ölkə daxilində müharibə əleydarlarını ona qarşı çevrilməməsi ilə yanaşı, eyni zamanda dini qrupların təzyiqi ilə də üzləşməməyə çalışıır:
“Bu baxımdan hesab edirəm ki, Tramp İran məsələsində olduğu kimi orta yol tutmağa çalışacaq. Yəni, Venesuela ilə genişmiqyaslı müharibə olmayacaq. Amma Vaşinqton Venesuela üzərində təzyiqlərini artıra, daxili sabitliyin pozulmasına çalışa, eyni zamanda Venesuelaya məxsus müəyyən bölgələrə lokal zərbələr endirə və bunu ABŞ-a daxil olan narkotikanın qarşısının alınması kimi ictimaiyyətə uğurlu əməliyyat kimi təqdim edə bilər”.
Əli Zülfüqaroğlu onu da qeyd edib ki, hazırda dünyanın hansısa bölgəsində müharibələrə girmək ABŞ-nin maraqlarına cavab vermir:
“Çünki hazırda ABŞ daxilində qlobal imperializmin alətləri tərəfindən Trampa qarşı ciddi təzyiqlər var. Və ABŞ müharibələrə girərsə, bu təzyiq rıçaqları daxildə vəziyyəti gərginləşdirə bilər”.
Ə. Zülfüqaroğlu əlavə edib ki, digər amil iqtisadi problemlərlə bağlıdır:
“Tramp seçkiöncəsi bəyan etmişdi ki, enerji daşıyıcılarının qiymətini endirəcək, inflyasiyanın qarşısını alacaq, iqtisadi problemləri həll edəcək. Müharibə isə tam əks proses yarada bilər. Yəni ABŞ-nin daxili vəziyyəti onu deməyə əsas verir ki, Vaşinqton müharibələrdən yayınmaq üçün maksimum səy göstərəcək”.
Nurlan Cəfəri