Açıq satılan quru meyvə və çərəzlər risklidirmi? - AÇIQLAMA/VİDEO
Novruz bayramı ərəfəsində bazarlarda və küçə satış nöqtələrində quru meyvə və çərəzlərə tələbat artır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, düzgün saxlanmayan və ya tərkibi bilinməyən məhsullar insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
Mövzu barədə Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov quru meyvələrin saxlanma şəraitinin çox vacib olduğunu və temperatur dəyişikliyinin məhsulun keyfiyyətinə mənfi təsir göstərdiyini bildirib:
“Hazırda Novruz bayramı ərəfəsindəyik və bu günlərdə küçələrdə quru meyvələrin və müxtəlif çərəzlərin satışı geniş yayılıb. Burada əsas məsələlərdən biri məhsulların isti-soyuq şəraitdə saxlanılmasıdır. Bəzən quru meyvələr rütubətsiz anbarlardan çıxarılaraq rütubətli mühitdə saxlanılır və yenidən açıq havaya çıxarılır. Bu cür şərait məhsullarda kiflənmə prosesinin yaranmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, quru meyvələrin görünüşünü cəlbedici etmək üçün bəzi kimyəvi maddələrdən istifadə olunur:
“Quru meyvələrin hazırlanmasında ən çox istifadə edilən maddələrdən biri kükürd dioksid və sulfitlərdir. Bu maddələr ərik, kişmiş və digər qurudulmuş meyvələrin rənginin parlaq qalması üçün tətbiq olunur. Normal miqdarda istifadə olunsa belə, bu maddələrin həddindən artıq qəbulu allergik reaksiyalara, mədə-bağırsaq qıcıqlanmalarına səbəb ola bilər”, – deyə o vurğulayıb.
Ətraflı videomaterialda:
Samir Məcid













