Adı ucuz, özü baha: “Buta Airways” sərnişinləri necə aldadır?

“Buta Airways” aviaşirkəti təklif etdiyi tarif paketi ilə AZAL kimi monopolist qurumun “atasına rəhmət oxudur”.

Yenicag.az xəbər verir ki, “Buta Airways” aviaşirkətinin “Ekonom klass” kateqoriyası üzrə tarifləri və uçuş şərtləri potensial sərnişinlərə qarşı həqiqi soyğunçuluqdur.

Ölkədə aşağı büdcəli ilk aviaşirkət hesab olunan “Buta Airways”in fəaliyyətə başlaması xəbəri hava nəqliyyatından müntəzəm istifadə edən vətəndaşlarda xoş ovqat yaratsa da, onların bu sevinci uzun sürməyib.

“Buta Airways”in tarif zərflərinin açıqlanması “aşağı büdcəli” hesab olunan bu aviaşirkətin, əslində, sərnişinlər üçün əməlli-başlı “hörümçək toru” qurduğunu göstərib.

Başlayaq sərnişinlər üçün biletin qiymətindən sonra ən vacib məqam sayılan baqaj və əl yükü üçün müəyyən edilmiş tariflərdən. Təsəvvür edin ki, debütant “Buta Airways” bu məsələdə hətta ölkənin inhisarçı aviaşirkəti olan AZAL-ın da qibtə edəcəyi tarif siyasətinə əl atıb.

Konkret desək, AZAL öz sərnişinlərinə 8-10 kiloqram əl yükünü pulsuz aparmasına imkan verdiyi halda, “Buta Airways”-də onların belə bir şansı yoxdur. Bu aviaşirkətin təyyarələrində uçmalı olan sərnişinlər çəkisindən asılı olmayaraq, əl yükünün göyərtədə aparılması üçün 25 avro ödəməlidirlər.
Bundan başqa, ölçüləri 158 santimetrdən çox olan yüklərin baqaja verilməsi sərnişinlərə 50 dollara başa gəlir. Səfərə ev heyvanı ilə yollanmaq istəyən sərnişinlər isə “kiçik dostları”nı yanlarında saxlamaq üçün əlavə 25 avrolarından keçməlidirlər. Heyvanların baqaja verilməsinin qiyməti isə onların çəkisindən asılı olaraq, 50 -100 avrodur.

“Buta Airways”in təyyarələrində uçuş üçün biletin göyərtədəki yerlərə görə qiymət siyasəti doğrudan da analoqsuzdur. Bu aviaşirkətin qeyd olunan siyasətini yenə də AZAL-la müqayisə etməli olsaq, “Buta Airways”in dövlət monopolistində daha irəli getdiyini görərik.

Məsələn, “Buta Airways”in təyyarəsində daha geniş sahəli yer arzulayan sərnişin bu istəyini gerçəkləşdirmək üçün əlavə olaraq, 25 avro ödəməlidir. Salonun ön sıralarında əyləşib, uçmaq istəyən sərnişinlər isə daha 15 avro xərcə düşməlidirlər. Uçuş üçün qeydiyyatın qiyməti nisbətən “ciddi”dir: 3 avro.

İndi də gələk sərnişinlərə təklif olunan yemək menyüsünə. Qeyd edək ki, “Buta Airways”in sərnişinlərə pulsuz təklif etdiyi “yemək” yalnız sendviç və sudan ibarətdir. Yəni “Buta Airways”in təyyarələrində yaxın və ya uzaq məsafəyə uçan sərnişinlər hesab ödəmədən yalnız sendviçlə qidalanmaq məcburiyyətindədirlər.

Təbii ki, sendviçlə aclığı ram edə bilməyən sərnişinlərin isti yemək sifarişi onlara nə az, nə çox – 7,9 avroya başa gələcək. Eyni zamanda, uşaqlara təklif edilən qida üçün də 7,9 avro tələb olunur.

“Buta Airways” 2 yaşa qədər olan körpələr üçün nəzərdə tutulan qidanın qiymətində “ciddi” güzəştə gedib: 4,2 avro. Halal kateqoriyalı ərzaqlardan hazırlanmış yemək sifariş etmək istəyən sərnişinlər də “unudulmayıb” – bu xidmət üçün onlardan 20,1 avro tələb olunur.

Göründüyü kimi, “Buta Airways”in “aşağı büdcəli” tarif siyasəti sərnişinlərin qənaətli uçuş niyyətlərinin reallaşmasına imkan vermir. Aviaşirkət biletin qiymətində etdiyi “endirim”dən itirdiyi pulları digər xidmətlər hesabına sərnişinlərdən artıqlaması ilə çıxarır.
Belə olan halda, “aşağı büdcəli tarif” kampaniyası ilə sərnişinləri aldatmağın adı nədir?
Ölkənin xidmət sferasındakı vəziyyəti nəzərə aldıqda, sual çox ritorik səslənir…

A.Zeynalov

COP29