“Adore”da ətir qalmaqalı: 402 manatlıq məhsuldan ŞİKAYƏT VAR – VİDEO
Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan “Adore”dan aldığı ətrin keyfiyyətindən narazıdır.
Bu şikayətlə APA TV-yə müraciət edən Gülər Mehdiyeva bildirib ki, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur.
Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin laqeyd münasibətlə qarşılaşdığını iddia edir:
“Dekabrın 3-də ‘Adore’un ‘Gənclik Mall’ filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi, qalıcılığı isə yox idi. Mağazaya yaxınlaşanda isə inkar etdilər, ‘bizdə saxta ətir olmur’ dedilər. Laqeyd yanaşaraq bildirdilər ki, ‘hara istəsəniz, müraciət edə bilərsiniz’”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərək qeyd edib ki, ictimai rəydə sözügedən mağazalar şəbəkəsi barədə mənfi rəylər kifayət qədərdir:
“Böyük endirimlərlə istehlakçıları cəlb edərək natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarından sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar”.
“Adore” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov bildirib ki, məhsullar istehsalçı şirkət tərəfindən hansı formada göndərilibsə, o şəkildə də satışa təqdim olunur. Onun sözlərinə görə, məhsulun gigiyenik, məişət sertifikatları və gömrük bəyannaməsi mövcuddur: “Məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orijinallığı yoxlanıla bilər”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müraciətin hazırda araşdırıldığını və nəticələr barədə rəsmi məlumat veriləcəyini vurğulayıb.
Hüquqşünas Ramil Süleymanov məsələnin hüquqi tərəfini belə izah edib: “Əgər məhsulun saxta olduğu aşkarlanarsa, vətəndaş həm ödədiyi məbləği, həm də mənəvi zərəri tələb edə bilər. Şirkətə isə dövriyyəsinə uyğun olaraq ciddi cərimə sanksiyası tətbiq oluna bilər”.












