AFFA Ermənistana etiraz etdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) işğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının (EFF) təşkilatçılığı ilə keçirilən məşqçi kursu ilə bağlı qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.
UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nin Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib.
E.Məmmədov, həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.
Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur(axar.az).