“Rekord qazancımız var, amma…” – “Coca-Cola” fəaliyyətini dayandırır
Dünyanın ən böyük içki brendlərindən biri olan “Coca-Cola” ABŞ-nin Massaçusets ştatındakı Northempton (Northampton) qablaşdırma zavodunu bağlamaq barədə rəsmi qərar qəbul edib. Şirkətin bu addımı nəticəsində 175 əməkdaş işini itirəcək.
Yenicag.az xəbər verir ki, kütləvi ixtisarlarla bağlı yerli qurumlara artıq rəsmi bildiriş göndərilib. İki mərhələdən ibarət olacaq bağlanma prosesinin bu ilin 15 avqust və 30 noyabr tarixlərində tamamlanması planlaşdırılır. Sözügedən müəssisədə təkcə “Coca-Cola” məhsulları deyil, həmçinin dünyaca məşhur “Minute Maid” və “Powerade” brendlərinin də qablaşdırılması həyata keçirilirdi.
Əslində, brend bu qərarı hələ 2021-ci ildə elan etsə də, loqistika zəncirində yaranan problemlər səbəbindən planı müvəqqəti təxirə salmışdı. Şirkət rəhbərliyi zavodun bağlanmasını hər hansı maliyyə böhranı ilə deyil, dəyişən istehlakçı tələblərinə uyğunlaşmaq üçün həyata keçirilən “aktivlərin optimallaşdırılması” strategiyası ilə əlaqələndirir. Cari ilin ilk rübündə “Coca-Cola”nın xalis gəliri 12% artaraq 12,5 milyard dollara çatıb. Rekord mənfəətə baxmayaraq, şirkət istehsal şəbəkəsini daha səmərəli və az xərcli etmək məqsədilə optimallaşdırma işlərini davam etdirir. Digər ştatlarda, xüsusən Kaliforniya və Miçiqandakı bəzi zavodlarda da bənzər bağlanma və ixtisarların həyata keçirildiyi bildirilir.
Zavodun fəaliyyətini dayandırması təkcə işçilərə deyil, həm də region iqtisadiyyatına ciddi zərbə vuracaq. Belə ki, regionun ən böyük sənaye su istehlakçısı olan bu fabrik yerli büdcəyə və bələdiyyə gəlirlərinə böyük həcmdə vəsait təmin edirdi. Bu səbəbdən müəssisənin qapadılması şəhər sakinləri və yerli rəhbərlik arasında ciddi narahatlıq doğurub.
Ayşən













