Reklam: High Technic
hightechnic

AFFA "Renat Dadaşov üçün milyon dollar" haqda

Reklam: High Technic

Almaniyanın məşhur “Bild” nəşri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı şok məlumat dərc edib. Haqqin.az-ın dünən gecə adıçəkilən nəşrə istinadən yaydığı məlumata görə, gənc hücumçu Azərbaycan yığmasını pula görə seçib. Həm də təkcə pula görə yox…

Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən “Bild” bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını və ona mənzil hədiyyə edildiyini iddia edib: “Təəssüf ki, “Ayntraxt”ın istedadlı futbolçusu Almaniya yığmasını seçmədi. Böyük perspektiv vəd edən Dadaşov DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı meydana çıxacaq. Halbuki o, Almaniyanın U-17 millisində keçirdiyi 15 oyunda 13 qol vurmuşdu. Dadaşov Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və eyni zamanda ona ev veriləcək. “Leyptsiq”də olarkən aylıq məvacibi 2500 avro olan futbolçu məhz pula görə Azərbaycan millisinin təklifini qəbul etdi”.

AFFA həmin məsələyə reaksiya verib. Qurumun mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu haqqin.az-a bildirib ki, bu informasiya həqiqətə uyğun deyil: “Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi.

Həmçinin xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl AFFA-nın növbəti konfransı keçirilib və orada Assosiasiyanın xərcləri və gəlirləri elan edilib. Yəni hamı AFFA-nın vəsaitlərinin hara xərcləndiyinə əmin olmaq imkanına malik idi”.

Qeyd edək ki, Renat Dadaşov sabah keçiriləcək Azərbaycan – Almaniya matçında millimizin heyətində debüt edə bilər.

Yeniçağ.az

www.yenicag.az

126