!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ağlı başında olan insanlar belə buna haqq qazandıracaqlar” - ReAl təmsilçisindən BƏDBİN PROQNOZ

!Reklam – Yazi

“Siyasətdə populist, ultrasağ, ultramillətçi güclər, hətta ultsradikal dini cərəyanlar önə çıxacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının qlobal miqyasda doğuracağı siyasi təsirləri dəyərləndirən ReAl Partiyasının icra katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərli hesab edir ki, pandemiyanın iqtisadi fəsadları fonunda dünya hələ bir neçə ay özünə gəlməyəcək, iqtisadi aktivlik hələ uzun aylar aşağı səviyyədə qalacaq:

“Çünki iqtisadi fəsadların psixoloji tərəfi hələ heç öyrənilməyib. Məsələn, virus bəlası hətta yaxın 2 ay arxada qalsa belə, bu il Dünya üçün turizm sektoru artıq “öldü”. Nəticədə buna bağlı hava daşımacılığı, otellər, kafelər, restoranlar, əyləncə mərkəzləri də bu il “çökəcək”, çünki postvirus dövründə hələ uzun aylar insanlarda səyahət fobiyası qalacaq.

Dünya tam başını itirib deyə, dövlətlər “təhlükəsizlik” məsələsini vətəndaşlara daha “baha satacaq”, yəni, haqq və hüquqlar, azadlıqlar təhlükəsizliyə getdikcə daha çox qurban veriləcək. Təhlükəsizlik isə hər sahəyə aid edilə biləcək məsələdir.

Ona görə də dövlətlər öz siyasətini, əsasən, xüsusi xidmət və hüquq-mühafizə orqanları üzərində quracaqlar. Sərhədlərə daha sıx nəzarət olunacaq, seçki institutunun önəmi azalacaq, siyasətdə populist, ultrasağ, ultramillətçi güclər, hətta ultraradikal dini cərəyanlar önə çıxacaq. Savadlı, ağlı başında olan insanlar belə buna haqq qazandıracaqlar”.

İqtisadçı qeyd edib ki, bundan sonrakı dönəmdə can, mal, sağlamlıq, ərzaq təhlükəsizliyi qalan məsələlərin fövqünə qalxacaq. Liberalizmin süqutu sürətlənəcək, sol təmayül və yaşıllar hərəkatı zəifləyəcək, çünki onların gündəliyi ilə real vəziyyət ciddi təzad təşkil edəcək:

“Ümid edirəm ki, bu dalğa uzun sürməyəcək. Çünki Birinci Dünya Savaşı və “İspan qripi” pandemiyası dünyaya faşizm, nasizm gətirdi. Bəşəriyyət daha böyük bədəl ödəyərək, sonra demokratiyaya və liberalizmə döndü.

İkinci Dünya Savaşından sonra Bəşəriyyətin sivil hissəsi sürətlə ona görə inkişaf etdi ki, insan övladı daha azad, daha çox haqqa və hüquqa sahib oldu. Əgər “təhlükəsizlik” adı altında hüquqların qısılması daha uzun zaman davam etsə, dünya yeni, daha kəskin ideoloji, siyasi bəlalarla üzbəüz qalacaq. Bunun fəsadları isə pandemiyadan daha pis və canalan olacaq”.

Gülşən Şərif

www.yenicag.az

1317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv