Aİ Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləmək üçün bütün imkanlarını səfərbər edəcək
Ermənistan və Aİ yeni strateji tərəfdaşlıq gündəliyini qəbul edib.
Yenicag.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Brüsseldə Ermənistanın xarici işlər naziri ilə birgə brifinq zamanı Aİ-nin ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Bu gün biz Ermənistan-Aİ tərəfdaşlığı çərçivəsində yeni strateji gündəliyi qəbul etdik. Bu, əməkdaşlıq çərçivəsində bir çox yeni sahələrdə iş üçün müraciətdir,” – deyə Kallas vurğulayıb.
O qeyd edib ki, Brüssel Ermənistanda aparılan islahatları, o cümlədən ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş addımları dəstəkləyir.
Kallas həmçinin tərəflərin təhlükəsizlik və vizaların liberallaşdırılması sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.
Aİ nümayəndəsi Ermənistan və Azərbaycan arasında sülh prosesinə də toxunaraq, Avropa İttifaqının bu prosesi dəstəkləmək üçün bütün imkanlarını səfərbər edəcəyini vurğulayıb.
“Bu gün mən 15 milyon dolların ayrıldığını bəyan edirəm. Bu vəsait sülhə və Ermənistanın dayanıqlığının təmin edilməsinə yönəldiləcək,” – deyə Kallas əlavə edib.












