Ailə institutunun qorunub inkişaf etdirilməsində QHT-lərin rolu
Beynəlxalq sənədlərdə qeyd edilir ki, ailə institutunun qorunub saxlanılması və modernləşdirilməsi üçün təkcə qanunvericilik aktlarının təkmilləşdirilməsi, yaxud, sosial yönümlü dövlət proqramlarının qəbul olunması yetərli deyil. Qanunların effektiv icra olunması, həmçinin, ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi üçün vətəndaş cəmiyyəti institutlarının da iştirakı zəruridir.
Bu baxımdan, mövzuya yönəlik fəaliyyətdə dövlət strukturları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da rolu artırılmalıdır.
Qeyri-hökumət təşkilatlarının missiyası
“Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda Bakıda keçirilmiş konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova QHT-lərin ailə institutuna yönəlik fəaliyyətlərinə diqqət çəkərək deyib: “Sağlam ailə mühitinin formalaşdırılması, məişət zorakılığı ilə mübarizə tədbirləri və sair bu kimi fəaliyyətlər yalnız dövlət orqanlarının deyil, həm də ictimaiyyətin, mətbuatın və qeyri-hökumət təşkilatlarının məsuliyyətidir. Xüsusilə qadın və uşaqların hüquqlarının daha etibarlı şəkildə qorunması üçün VCT-lərlə sıx əməkdaşlıq etmək daha uğurlu nəticələrə gətirib çıxarır”
( https://demokrat.az/az/news/165185/tovsiyelerin-yerine-yetirilmesinde-vetendas-cemiyyeti-institutlarinin-rolu-movzusunda-konfrans-kecirilib ).
Komitə sədrinin fikrincə, ailələri narahat edən problemlərin ictimsiləşdirilməsində, ictimai rəydə mövzu üzrə görüntünün yaradılmasında, həmçinin, dövlət orqanlarının diqqətinə çatdırılmasında QHT-lərin rolu əvəzsizdir: “Məsələn, məişət zorakılığı ilə mübarizə sahəsində təkmil qanunların qəbul edilməsi vacib olsa da, bu, kifayət deyil. Qanunların tətbiqimexanizmlərinin işləkliyi üçün vətəndaş cəmiyyətiinstitutlarının fəal iştirakı olmalıdır. Bu kontekstdə qeyri-hökumət təşkilatları (QHT-lər) və media subyektlərinin (KİV) əhəmiyyəti daha da artır. Onların fəaliyyəti cəmiyyətin problemlərə daha həssas yanaşmasına və həll prosesinə cəlb olunmasına şərait yaradır”.
Qeyri-hökumət təşkilatları uzun illərdir ki, Azərbaycanda ailə institutunun qorunması, məişət zorakılığına qarşı mübarizə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm işlər görürlər. QHT-lər fasiləsiz olaraq monitorinqlər aparır, zərərçəkmişlər üçün praktiki yardımlar göstərir, sığınacaqlar yaradaraq idarə edirlər. QHT-lər tərəfindən ictimai maarifləndirmə kampaniyalarının həyata keçirlməsi, ailə institutunun müdafiəsi üzrə təlimlərin və seminarların təşkil edilməsi ciddi effektlər verir. Hazırda Azərbaycanda bu sahədə ixtisaslaşmış və praktik nəticələr ortaya qoymuş təşkilatlarmövcuddur. Bunların arasında Dilarə Əliyeva adına QadınHüquqlarını Müdafiə Cəmiyyəti, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi (Bakı şəhərində), “Təmas” Regional İnkişaf İctimai Birliyi (Gəncə şəhərində) və digərlərinin fəaliyyəti qabarıq görünür. Bu təşkilatlar tərəfindən yaradılan sığınacaqlar zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi və reabilitasiyası baxımından nümunəvi modellər hesab olunurlar.
Ölkə üzrə 10-dan artıq qeyri-dövlət sosial xidmət mərkəzi fəaliyyət göstərir. Onların əksəriyyəti Bakı, Gəncə və Sumqayıtşəhərlərində yerləşir. Bu mərkəzlər məişət zorakılığından əziyyət çəkənlər üçün mütəxəssis dəstəyi, hüquqi məsləhət, psixoloji yardım və sosial adoptasiya tədbirləri həyata keçirirlər.
Ailə-məişət problemləri üzrə ixtisaslaşmış QHT-lər üçün dövlət dəstəyi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin maliyyə dayanıqlığını təmin etmək və layihə əsaslı fəaliyyətlərini genişləndirmək üçün müxtəlif qrant müsabiqələri tətbiq edir. Agentliyin icraçı direktoru Aygün Əliyeva mətbuat üçün açıqlamasında bildirib ki, son illərdə qrant müsabiqələrində yeni və aktual mövzulara yer verilir: “Bunlara məişət zorakılığı, gender stereotipləri, uşaqların təhsildən yayınması, insan alveri və doğulanadək cins seçiminin qarşısının alınması kimi istiqamətlər də daxildir” (https://family.gov.az/az/post/3629 ). 2023-cü ildə “Ailə, qadın, uşaq və gender məsələləri” mövzusunda 56 layihə maliyyələşdirilib. Bu layihələr cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən kampaniyalar, interaktiv tədbirlər və maarifləndirici sessiyalar vasitəsilə ailə institutuna dəstək məqsədi güdür.
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri MahirəƏmirhüseynova bizimlə söhbətində bildirib ki, ailə institutunun modernləşməsi yönündə aparılan maarifləndirmə işlərində Qeyri-Hökumət Təşkilatlarının rolu danılmazdır: “QHT-lər maarifləndirmə ilə yanaşı, ailələrə sosial dəstək və hüquqi yardım göstərilməsi prosesində də öndədirlər. Onlar ailələrin üzləşdikləri çeşidli problemlərin həllinə kömək edirlər, sağlam ailə dəyərlərinin təbliğinə və ailədaxili münasibətlərin gücləndirilməsinə töhfə verirlər. QHT-lər həmçinin, gender bərabərliyi, uşaqların hüquqları, məişət zorakılığı ilə mübarizə kimi vacib mövzularda cəmiyyətin diqqətini artırırlar. Bu mövzular üzrə dövlət strukturları ilə əməkdaşlıq şəraitində effektiv fəaliyyət göstərirlər”.
Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən hazırlanıb
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində modern ailə dəyərlərinin təşviq edilməsi mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmirəyə bilər.