!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailələrdə artan məişət zorakılığı – Problemi yaradan səbəblər nələrdir?

!Reklam – Yazi

“Məişət zorakılığının artmasına sosial rolların dəyişməsi, qadınların aktivliyi, kişilərin bəzən passiv rola keçməsi də təsir göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlər ailələrdə artan məişət zorakılığı, onun səbəbləri və çıxış yolları barədə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, bu problem həmişə dövlətlər tərəfindən şəxsi həyat problemi kimi yanaşmanı sərgiləyib və buna görə də heç kim problemi ictimailəşdirə bilməyib.

“Məişət zorakılığı yeni problem deyil, sadəcə biz problemə yeni baxırıq. Digər tərəfdən, bu vaxta qədər ailə münasibətləri daha çox ictimai qaydalarla idarə edilib. Bu böyük ailə modeli qismində, yaxud kənd qəsəbə icmaları qismində ailə münasibətlərinin ictimai qaydalar sisteminə tabe edilməsi mövcud idi”, – deyə o əlavə edib.

O bildirib ki, hazırda ailənin artıq ictimai qaydalar deyil, qanunu qaydalarla idarəsi aktuallaşıb.

“Bu isə köhnə oturuşmuş ictimai qaydalarla bəzən ziddiyyət təşkil edir. Bu baxımdan, baş verən hadisələrə hələ də şəxsi məsələ kimi baxılması, onun insan haqları ilə əlaqələndirilməməsi təkcə ailə üzvləri deyil, elə bəzən məsul şəxslər tərəfindən də yanaşılması mövcuddur. Bəs zorakılıq artıbmı? Buna müxtəlif cür yanaşmaq olar. İlk öncə zorakılığın artımı onun ictimailəşdirilməsi qismində artıb. Burada bir zaman öncə susan qadınların danışması baş verir. Yaxud döyülən, qadının, bunun şahidi olan qonşunun müraciəti, ailə üzvünün müraciət və sair aktuallaşıb və bu da onun artımı qisimində qəbul edilir”, – deyə o vurğulayıb.

M.Zeynalova qeyd edib ki, insanlar psixoloji gərginlik yaşaması, ekosistem, dünyada baş verənlər, sosial-iqtisadi durum, insanların inamsızlığı, təbliğat vasitələrinin qadınlarla bağlı şübhə yayan materialları, sosial şəbəkələr və sair bu cür kompleks hadisələr var ki, zorakılığın artımına təsir edir.

“Məişət zorakılığının artmasına sosial rolların dəyişməsi, qadınların aktivliyi, kişilərin bəzən passiv rola keçməsi də təsir göstərir. Nə etməli? Əlbəttə ki, evlilik institutundan başlanmalıdır. Düzdür, hökumət ailə quran şəxslərin sağlamlığı baxımdan tibbi yoxlamalarla bağlı qaydalar müəyyən etdi, lakin bu yalnız genefondun sağlamlığını nəzərdə tutan addımlar idi. Evlilik institutunun başlanması təkcə bununla bitmir, bir sıra stereotiplər hələ də hökm sürür. Təəssüf ki hazırda bəzi məqamlarda stereotiplər qanunlardan yüksəkdə durur. Bu isə hazırkı ağır fəsadları aşkarlayır”, – deyə o vurğulayıb.

M.Zeynalova əlavə edib ki, bütün rayon və qəsəbələrdə ailə məsləhət mərkəzlərinin fəaliyyətləri qurulmalı, bu mərkəzlər də pulsuz fəaliyyət göstərməlidir.

“Orada reproduktiv salğamlıqdan, psixoloji hüquqi dəstəkdən, seksual tərbiyəyə qədər məsləhətlər verilməlidir. Nikaha daxil olan şəxslər öncə oradan yollarını salmalıdır. Digər bir məqam isə ailə münasibətlərində etik davranış, ünsiyyət bacarıqları təlimlərində iştirak etməlidirlər. Qanunsuz nikahların qarşısının almaq üçün yaxşı strategiyalar, ailələr üçün sosial dəstək proqramları hazırlanmalıdır. Erkən və məcbur nikah qəti aradan götürülməlidir. Valideynlərin valideynlik hüququnu aşma halları, o cümlədən, ailə quran şəxslərin həyatın mənfi müdaxilələrin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır.
Deputat Zahid Oruc bir çıxışında ailənin strateji əhəmiyyətini qeyd etmişdi. Əslində, çox haqlıdır. Əgər ailə ölkənin əsas strateji xətlərindən biridirsə, o halda, bu strategiya çox ciddi hazırlanmalı, müdafiə və dəstək proqramları ilə əhatə olunmalıdır. Müəyyən mənada Zahid Orucla ona görə həm də razıyam ki, ailə həm də təkcə şəxslərin birgə yaşayış məsələsi deyil, bu ölkənin həm təhlükəsizliyi, həm ideoloji məsələsidir. Ona görə də ailə ilə bağlı qanunlara diqqətlə baxmalı, onu daha mükəmməl işləmək lazımdır. Buna bir iki illik strategiya deyil, bütöv Azərbaycanın gələcək strategiyası kimi baxılmalıdır”, – deyə o fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv