Akif Aşırlı: “Bu, milli mətbuatımıza verilən önəmin, dəyərin nəticəsidir”
“Azərbaycanın güclü ordusu kimi, güclü jurnalist heyəti də var”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı bildirib.
Prezident İlham Əliyevin mətbuatın 150 illik yubileyinin ölkə ərazisində geniş keçirilməsi haqqında imzaladığı Sərəncamı şərh edən A. Aşırlı qeyd edib ki, bu Sərəncam mətbuat cameəsində xoş qarşılanıb:
“Milli Mətbuatımızın 150 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin verdiyi Sərəncam mətbuat cameəsində xoş bir ovqat yaradıb. Deyərdim ki, bu, milli mətbuatımıza verilən önəmin, dəyərin nəticəsidir. Böyük maarifçi, müəllim, ictimai xadim Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti tək Azərbaycan üçün deyil, Rusiya türklərinin də milli oyanışına xidmət etdi. Yeni jurnalistlər nəsli yetişdi, jurnalistikanın əsasları formalaşdı, xalqın ən önəmli problemləri dilə gətirildi”.
“Bu missiya 150 ildir ki, davam edir. Jurnalistika, mətbuat yenilənir, texnoloji proseslərlə bağlı yeni inkişaf meylləri yaranır. Azərbaycanın güclü ordusu kimi, güclü jurnalist heyəti də var, istənilən an həmlələri duya, tədbirlər görə bilir. İnanırıq ki, bu il milli mətbuatımızın 150 ilində bizlər bu keçib gələn şərəfli yola bir daha diqqət yönəldəcək, yeni çağırışları düzgün qiymətləndirəcəyik və yeni inkişaf meyarları üzərində düşünəcəyik”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Yenicag.az