Uzun zaman idi ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının Qarabağ Komitəsində olması müzakirə edilirdi.
Dünən QAT sədri Qarabağ Komitəsinin İdarə Heyətindən çıxarılıb.
Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Qarabağ Komitəsinə qatılıb. O, Komitənin İdarə Heyətinin də üzvü seçilib.
Əldə etdiyimiz məlumata görə, Akif Nağı Qarabağ Komitəsinin üzvlüyündən də çıxarılacaq.
Qarabağ Komitəsində son baş verənlərlə bağlı Komitənin İdarə Heyətinin üzvü, AĞ partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlama verib.
Tural Abbaslı bildirib ki, Qarabağ Komitəsinin son iclasında Akif Nağının İdarə Heyətindəki fəaliyyətinə xitam verilib:
“Qarabağ Komitəsi yarananda iclaslar QAT-ın ofisində keçirilirdi. Sonradan Komitənin üzvlərinin sayı artdı və orada yerləşməyə şərait yox idi. QAT-ın ofisində 20 nəfər otururdu, 30 nəfər insan ayaq üstə qalırdı. Ona görə də, dönəm sədrliyi Mirmahmud Mirəlioğluna keçəndən sonra qərar verdik ki, Qarabağ Komitəsinin iclasları KXCP-nin ofisində keçirilsin. Bu qərardan sonra Akif Nağı bəyan etdi ki, QAT-ın ofisindən kənarda keçirilən Komitə iclaslarına qatılmayacaq. Səbəb kimi də bildirdi ki, Komitənin siyasiləşməsini, hansısa partiyanın qərargahında keçirilməsini istəmir. Onun fikrincə, Qarabağ Komitəsinin iclasları partiya qərargahlarında keçirilsə, siyasiləşəcək. Akif Nağı ilə görüşlər oldu, Pənah Hüseyn də onunla bu məsələ barədə danışdı. Hətta sonuncu iclasda dönəm sədri Mirmahmud Mirəlioğluna həvalə edildi ki, Akif Nağı ilə bu məsələni müzakirə etsin. Akif Nağı yenə də öz fikrində qaldı. Komitənin sonuncu iclasında Akif Nağı ilə görüşənlər məlumat verdilər. İclasda qərar verildi ki, əgər Akif Nağı İdarə Heyətinin iclaslarında iştirak etməyəcəksə, Qarabağ Komitəsinin İdarə Heyətində üzvlüyünə xitam verilsin. İclasda Komitənin İdarə Heyətinin üzvlərinin sayı 7-dən, 9-a qaldırıldı”.
Tural Abbaslı qeyd edib ki, Akif Nağının Komitədən getməsi, QAT-ın Komitədən getməsi deyil:
“QAT-ın bütün üzvləri Komitədədir. Akif Nağının buna münasibəti necə olacaq, bilmirik. Bu qərar siyasi yox, sırf idaridir”.
Sabir Rüstəmxanlının Qarabağ Komitəsinə gəlişi barədə isə AĞ partiya sədri bunları deyib:
“Sabir Rüstəmxanlının özü və partiyası Qarabağ Komitəsinə qoşuldu. Sabir Rüstəmxanlı kimi ziyalının indiki məqamda Komitəyə üzv olması güman edirəm ki, həm Komitə üçün, həm də Qarabağ probleminin həlli yolunda önəmli addımdır. Sonuncu iclasda Sabir Rüstəmxanlı Qarabağ Komitəsinin İdarə Heyətinə üzv seçildi. Çalışacağıq ki, Qarabağ Komitəsi daha da genişlənsin. Qarabağ Komitəsində iqtidar – müxalifət, siyasət olmadığı üçün hər bir kəs quruma gələ bilər”.
Səxavət Məmməd
www.yenicag.az