“Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi üçün əlimdən gələni edəcəm”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə ötən gün keçirilmiş növbədənkənar parlament seçkilərində hakim AKP-dən deputat seçilən soydaşımız Şamil Ayrım deyib.
Şamil Ayrım 24 iyun seçkilərini Türkiyənin çağdaş tarixində yeni mərhələ kimi qiymətləndirib:
“Bildiyiniz kimi, bu, Türkiyədə sistem dəyişikliyinə yol açan Konstitusiya referendumundan sonra keçirilən ilk seçkilər idi. O baxımdan, həm prezident, həm də parlament seçkiləri ölkəmiz üçün çox mühüm əhəmiyyət daşıyırdı.
Əlbəttə, hörmətli Ərdoğanın elə birinci turda qalib gələcəyi gözlənilirdi və bu ehtimal tamamilə doğruldu. Bu, həqiqətən də möhtəşəm qələbədir. Eyni zamanda, AKP-nin göstərdiyi nəticəni də uğurlu saya bilərik.
Ötən söhbətimizdə də demişdim ki, 24 iyun seçkilərində namizəd olan yeganə Azərbaycan əsilli şəxs idim. Seçicilərin etimadını qazanaraq, Məclisə seçilməyimdən çox məmnunam.
Ötən dönəmlərdəki millət vəkili fəaliyyətimdə olduğu kimi, bu dəfə də Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi üçün əlimdən gələni edəcəm. Təbriklərinizə görə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Şamil Ayrım buna qədər iki dəfə millət vəkili seçilib və Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri olub.
A.Zeynalov
www.yenicag.az