Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən A. Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror A. Lapşinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Lapşin məhkəmədə son söz deyərkən verilən ittihamları qəbul etmədiyini bildirib.
A. Lapşin Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün peşman olduğunu deyib: “Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Men heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm”.
A. Lapşin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid etdiyini deyib: “Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burda olanda da mənə yaxşı münasibət göstərilib”.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.