“Les Benjamins” brendi Azərbaycanda – Muhamməd Əli Büyükfırat sazişin təfərrüatını açıqlayır
Azərbaycandan “Büyükfırat” Qrupu ilə Türkiyənin qabaqcıl moda brendi “Les Benjamins” QSC arasında qarşılıqlı distribusiya və brendin regionda genişləndirilməsi barədə strateji əməkdaşlıq sazişi imzalanıb.
Sənəd II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədovun himayəsi altında rəsmiləşib. Sazişi “Büyükfırat” Qrupunun CEO-su Muhəmməd Əli Büyükfırat və “Les Benjamins” şirkətinin direktoru Bünyamin Aydının vəkili Gökcə Gökpınar imzalayıblar.

Yenicag.az xəbər verir ki, müqaviləyə görə, “Büyükfırat” “Les Benjamins” brendinin eksklüziv distribütoru qismində Azərbaycanda, Qazaxıstanda və Gürcüstanda pərakəndə satış nöqtələrinin idarə olunmasını, e-ticarət platformalarının inkişafını və pop-up mağaza konseptlərinin həyata keçirilməsini təmin edəcək. Brendin yaradıcı komandası isə sərgilər, regionun moda həftələri və sosial media kampaniyalarında birgə layihələrlə çıxış edərək “Les Benjamins”in tanınma dərəcəsini daha da yüksəldəcək.

“Büyükfırat” Qrupunun CEO-su Muhəmməd Əli Büyükfırat Yenicag.az-a bildirib ki, bu razılaşma yalnız bazar payının artımı yox, həm də Azərbaycan modasının beynəlxalq arenada güclənməsinə xidmət edəcək: “Strateji hədəfimiz müştərilərə yenilikçi dizayn və yüksək keyfiyyət təqdim etməklə eyni zamanda yerli brendlərin inkişafına dəstək göstərməkdir”.

Muhamməd Əli Büyükfırat onu qeyd edib ki, “Les Benjamins”in “Qarabağ” futbol klubu üçün özəl kolleksiya hazırlaması barədə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, “Les Benjamins” bundan əvvəl “Mercedes-Benz” ilə də əməkdaşlıq sazişi bağlayıb, lüks avtomobil brendi üçün mövsümi geyim və aksessuar kolleksiyası hazırlayıb. Bu uğurlu təcrübə “Les Benjamins”in kreativ yönümlü tərəfdaşlıqlarının nə qədər perspektivli olduğunu bir daha nümayiş etdirib.
Amir Aqiloğlu












