!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Alışqanlıq yaradan dollardan imtina o qədər də asan deyil” - Ərdoğanın məsləhətçisi

!Reklam – Yazi

Professor, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin məsləhətçisi Yasin Aktay Bakıdadır.

Yenicag.az Yasin Aktayla müsahibəni sizə təqdim edir:

– Yasin bəy, Azərbaycan-Türkiyə münasibətlərinin son halını necə dəyərləndirirsiniz?

– Azərbaycanla Türkiyə arasındakı münasibətlər tarixi, coğrafi və mədəni köklərə sahibdir. Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq mümkün deyil. Tarixdə bir neçə dəfə ayrılmaq məcburiyyətində qalmışıq, ancaq ürəklərimiz daim bir yerdə döyünüb. Siyasi münasibətlər 1990-cı illərdən sonra çox yaxşı inkişaf etməyə başladı. Türkiyədə seçkiləri qazanan hər bir baş nazir, prezident ilk səfərini Azərbaycana edir. Azərbaycanda da seçkilərdən sonra ilk ziyarət Türkiyəyə edilir. Bu məsələnin özü belə birlik, bərabərlik göstəricisidir. Əslində, dünya yeni bir nizam axtarışındadır. Heç bir dövlət təkbaşına qala bilməz və bütün dünyaya meydan oxuya bilməz. Dünyaya hökm etmək istəyən güclərin dünyanı hansı vəziyyətə saldıqları göz önündədir. Dünyada bir güc olmaq üçün deyil, özümüzü müdafiə etmək üçün bir yerdə olmalıyıq. Dövlətlər, xalqlar arasında olan münasibətin üzərinə bir də elm adamları arasında dialoqların qurulmasında da böyük fayda var.

– Dediniz ki, heç bir dövlət təkbaşına dünyaya meydan oxuya bilməz, ancaq BMT-nin son toplantısında Donald Tramp dünyaya meydan oxudu.

– Doğru, meydan oxudu, ancaq elə oxumaqla da qaldı. Hazırda ABŞ yalnızlaşır və çöküş dönəmini yaşayır. Bu idarəçilik və düşüncə tərzi ilə ABŞ eyni gücdə qala bilməz. Bir ölkəni güclü edən onun münasibətləridir, təkcə daxildə iqtisadiyyatı güclü etməklə ayaqda dura bilməzsiniz. Əgər alış-veriş edə bilməsəniz, qısa bir müddət sonra müştərinizi itirərsiniz. Müştərisini itirmiş tacir nə qədər zəngin olursa-olsun, alıcısı olmadığı vaxt ayaqda dura bilməz.

– Alış-verişdən danışdıq. İllərdir ki Türkiyə, Rusiya, Çin, İran dollardan imtina edərək, öz pulları ilə ticarət edəcəklərini deyirlər, ancaq ortada nəticə yoxdur.

– Dollar alışqanlıq yaradıb. Dollar bütün dünyaya bir yolla hakim olub. Ondan imtina etmək bu qədər asan deyil. Bunun üçün iradə ortaya qoymaq lazımdır. Milli pullardan istifadə edəcəyik deyirik, ancaq dollardan hələ də ölçü vahidi kimi istifadə edirik.

– Son dönəmlər Qafqazın önəmi artıb. Türkiyənin Qafqaz bölgəsinə girmək istəyi görünür. Türkiyə Qafqazdan nə əldə edə bilər?

– Qafqazla Türkiyənin coğrafiyası tarixi baxımdan yad coğrafiyalar deyil. Bunlar hamısı qohum toplumlarıdır. Bu qohumluqlar bir gücə çevrilməlidir. Demirəm ki, kiməsə qarşı müharibə elan edək. İqtisadi ittifaqlar qurmaq lazımdır. Əgər iqtisadi münasibətləri başqalarının əleyhinə olmayacaq şəkildə həll edə bilsək, bölgədə təhlükəsiz, sağlam bir münasibətlər qura bilərik.

Səxavət Məmməd

www.yenicag.az

3580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv