Süfrəmizdəki görünməyən qatil: İstixana məhsulları bizi necə zəhərləyir? – Mütəxəssis xəbərdarlığı
“İstixana meyvə-tərəvəzlərinin sağlamlığa ciddi zərərləri mövcuddur”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.
Ekspert istixana şəraitində yetişdirilən qarpız və yemiş kimi məhsulların istifadəsinin insan sağlamlığına zərərləri haqqında danışıb:
“Mövsümündə olmayan meyvə və tərəvəzləri sürətlə böyütmək üçün bəzən kimyəvi maddələrdən istifadə olunur. Əgər normadan artıq və nitrat tərkibli maddələrdən istifadə olunursa, məhsulun tərkibində nitratın səviyyəsi həddindən artıq çox olur ki, bu da insan sağlamlığı üçün müxtəlif fəsadlar törədə bilər.
Burada daha çox risk qrupunda olanlar uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlardır. Bu kimi kimyəvi maddələr bir çox hallarda onlarda qida zəhərlənməsinə, ürəkbulanmaya, halsızlığa, baş ağrısına, maddələr mübadiləsinin pozulmasına və mədə-bağırsaq problemlərinə gətirib çıxara bilər. Ona görə də istixana şəraitində, nəzarətsiz şəkildə yetişdirilən və ya mənşəyi bəlli olmayan bu kimi meyvə-tərəvəzləri alarkən diqqətli olmaq lazımdır.
Əgər məhsul həddindən artıq parlaq, qeyri-təbii görünürsə, rəngi və qoxusu özünəməxsus deyilsə və ya tünd qırmızı rəngə malik olmalı olduğu halda kəsdikdə daha açıq rəngdədirsə, içində sarımtıl damarlar görünürsə, bütün bunlar tərkibindəki nitratın çox olmasının göstəricisidir. Yaxşı olar ki, istehlakçılar belə məhsullardan istifadə etməsinlər.
Ən əsası, satış yerinin də sanitar-gigiyenik qaydalara uyğun olmasına diqqət yetirilməlidir. Əksər hallarda belə məhsulları kəsib satırlar. Bu zaman istifadə olunan bıçaq təmiz deyilsə, çarpaz çirklənmə baş verər ki, bu da müxtəlif sağlamlıq problemlərinə yol açar.
Əgər hər hansı bir meyvənin, tərəvəzin faydalı xüsusiyyətlərindən, tərkibindəki vitamin və minerallardan yararlanmaq istəyiriksə, yaxşı olar ki, yerli və mövsümündə olan məhsullardan istifadə edək. Bu, insanların sağlamlığı üçün daha faydalıdır. Əks halda, kimyəvi maddələrlə yüklənmə immun sistemi güclü olan şəxslərdə dərhal kəskin zəhərlənmə verməsə belə, zamanla orqanizmdə müxtəlif fəsadlar yaradacaqdır. Odur ki, hər zaman yerli və mövsümi meyvə-tərəvəzlərə üstünlük verilməlidir.”
Nurlan Cəfəri













