Almaniya hökuməti Ukraynada 30 günlük atəşkəslə bağlı yaxın zamanda razılaşma əldə olunacağını gözləmir.
Yenicag.az “Tagesschau”ya istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Şteffen Gebeştrayt Berlində keçirilən brifinqdə açıqlama verib.
Gebeştrayt qeyd edib ki, Rusiya indiyədək atəşkəs təkliflərinə razılaşmaqda istəksiz davranıb.
“Bu proses bir az vaxt aparacaq”, – deyə o əlavə edib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok isə ABŞ prezidenti Donald Trampı Kreml lideri Vladimir Putinlə Ukraynaya zərər verə biləcək hər hansı güzəştə getməməyə çağırıb. Eyni zamanda, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanın ABŞ-nin atəşkəs təklifinə qoyduğu şərtlərin Moskvanın sülh istəyini şübhə altına aldığını bildirib.
Xatırladaq ki, martın 13-də isə Vladimir Putin ABŞ-nin hərbi əməliyyatları dayandırma təklifini dəstəklədiyini, ancaq bunun “uzunmüddətli sülhə” xidmət etməli olduğunu vurğulayıb.
Rafi Müslümov
www.yenicag.az