Amerikalıların 57 faizi yeni tariflərə QARŞIDIR – Trampın siyasəti
“Amerikalıların 57 faizi, o cümlədən Trampın Respublikaçılar Partiyasının bəzi üzvləri, yeni tariflərə qarşı çıxır”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın yeni ticarət tarifləri ilə bağlı təhlil aparan “CGN” nəşri yazıb.
Məqalədə bildirilib ki, bu siyasi kurs ölkə daxilində ciddi narahatlıqlar doğurur. Sözügedən tariflər ilk növbədə ABŞ istehlakçılarına təsir edəcək və amerikalıların gündəlik istifadə etdiyi sadə məhsullar, o cümlədən 5 dollarlıq köynəklər artıq daha baha başa gələcək. ABŞ geyimlərinin 98 faizindən çoxunu idxal edir və bu tariflər əhalinin əksəriyyətini əhatə edən məhsullara təsir göstərəcək.
Yale Universitetinin Büdcə Laboratoriyası tərəfindən hazırlanan məlumatlar göstərir ki, yeni tariflər qeyri-mütənasib təsir göstərir və bu, paltarların qiymətində 65 faiz, dəri məmulatlarında isə 87 faiz artım yarada bilər. ABŞ Ticarət Palatası Ağ Evə ünvanladığı məktubda bu siyasətin kiçik biznesə “düzəldilməz zərər” vuracağını və iqtisadi tənəzzülə səbəb ola biləcəyini bildirib. Palata administrasiyadan tariflərin dərhal yüngülləşdirilməsini tələb edir.
Palatanın bəyanatında deyilir ki, çərşənbə günü Xəzinədarlıq katibi Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qreyrə məktub göndərilib. Məktubda “Amerikanın kiçik bizneslərini xilas etmək və iqtisadi tənəzzülün qarşısını almaq üçün” təcili tədbirlərin görülməsi tələb olunur. Ticarət siyasətinin qeyri-sabitliyi xüsusilə kiçik sahibkarlar üçün təhlükə yaradır.
Eyni zamanda, ABŞ-nin əczaçılıq məhsullarına tətbiq etdiyi 25 faizlik tarifin ölkəyə illik əlavə 51 milyard dollar dərman xərci yükləyəcəyi proqnozlaşdırılır. “Ernst and Young”un təhlillərinə əsasən, ABŞ 2023-cü ildə 203 milyard dollarlıq əczaçılıq məhsulu idxal edib və bunun 73 faizi Avropadan, əsasən, İrlandiya, Almaniya və İsveçrədən əldə olunub. “Reuters”in sorğusuna görə, amerikalıların 57 faizi, o cümlədən Trampın Respublikaçılar Partiyasının bəzi üzvləri, yeni tariflərə qarşı çıxır.
Nəsimi Ələsgərli