Analarin QORXUNC KABUSU: Autizm ömürlük xəstəlikdir, YOXSA?
Bu gün “uşağım autizm xəstəsidir”, deyən anaların sayı günbəgün artmaqdadır. Onlar övladlarının bu xəstəlikdən xilas olmaq üçün hər yeni açılan və reklam olunan mərkəzlərə üz tutur. Əksər hallarda həmin mərkəzlərdə bu diaqnozu qoyan və uşağı müalicəyə cəlb edən “həkimlər”in heç tibbi təhsilinin belə olmadığının şahidi oluruq.
Nəticədə xəstə uşağın vəziyyəti düzgün olmayan müalicə kursu nəticəsində daha da ağırlaşır. Bu diaqnoz kim tərəfindən qoyulmalıdır? Övladının sağalması üçün kömək uman valideynləri doğru ünvana necə yönləndirək?
Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü, klinik psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında bu sahəyə aidiyyəti olmayan “mütəxəssislərin” belə ciddi və ağır xəstəliyə bəsit yanaşdıqlarını, nəticədə valideynlərin müalicə üçün düzgün yönləndirilmədiyini təəssüf hissi ilə bildirib:
“Günümüzün ən aktual mövzularından biri uşaqlar arasında geniş yayılan autizm xəstəliyidir. Təəssüflər olsun ki, bu qədər ciddi və ağır göstəriciyə malik olan xəstəliyi cılızlaşdırıb, bəsit yanaşmalar fonunda təqdim edirlər. Bu sahəyə dəxli oldu-olmadı, hər kəs autizm diaqnozu qoyur, autizm müalicəsindən danışır. Autizm spektr pozuntusu davranışın, ünsiyyətin, diqqət və duyğuların fərqli formada təzahür edən və ömürlük olan beynin inkişaf pozuntusudur. Yalnız peşəkar mütəxəssis tərəfindən qoyulan erkən diaqnoz, düzgün terapiya və ailə dəstəyi ilə uşaqlarda çox ciddi irəliləyişlər mümkündür.
Bu xəstəliyin birdəfəlik müalicəsi yoxdur. “Tam müalicəsi var”, deyib insanları, anaları ümidləndirmək, belə həssas məqam üzərindən qazanc əldə etməyə son vermək lazımdır. Gəlin, vicdanımıza və peşəmizə hörmət edək. Belə xəstələrlə məşğul olan peşəkar mütəxəssislər var, bu iş onlara həvalə olunmalıdır ki, nəticə də uğurlu olsun”.
Autizm xəstələri daha çox psixoloji müalicələrə cəlb olunmalıdır, yoxsa nevroloji? – Psixoloq bu sualı da cavablandırıb.
“Autizm sırf psixiatr müayinəsindən keçən və psixiatr tərəfindən diaqnozu qoyulan, ciddi davranış pozuntuları içərisində xüsusi özəlliklə seçilən bir pozuntudur. Bunun nevroloqlarla, onların müayinəsi ilə heç bir əlaqəsi yoxdur. Birmənalı olaraq valideynlər bunu bilməlidir. Belə xəstələr psixiatrların nəzarəti altında müəyyən terapiya üsulları ilə müalicə olunur. Müalicə eyni zamanda klinik psixoloqlar tərəfindən tətbiq olunur. Belə uşaqların diaqnozunun qoyulması üçün müəyyən yaş həddinə qədər göstəricilər olmalıdır. Müəyyən əlamətlərin say çoxluğu olmalıdır ki, bunun təsbitini verə bilək. Təkrar edirəm, autizm spektr pozuntusu çox ciddi bir xəstəlikdir, bunun doğru-düzgün müalicəsi ilə peşəkarlar məşğul olmalıdır. Valideynlər düzgün mütəxəssislərə müraciət etməlidir. Bu sahənin peşəkarlarının konsultasiyalarına qatılmalıdır. Yeri gəlmişkən, martın 10-11-də autizm üzrə beynəlxalq dərəcəli mütəxəssis, Klinik psixologiya üzrə fəlsəfə doktoru Ayaz Seyidli ilə mənim birgə N-Laz Tibb Mərkəzində autizm spektr pozuntusu olan uşaqlar üçün peşəkar konsultasiyalarımız təşkil olunacaq”.
Cəvahir













