“Ankara və Bakı üçün geniş manevr imkanları açılır, amma...”: ABŞ-nin yeni dünya düzənində GİZLİ MƏQAMLAR
“Xüsusilə İran və Rusiya siyasətlərində Vaşinqtonun “qırmızı xətlərini” sınağa çəkməmək həlledici əhəmiyyət daşıyacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Emir Abbas Gürbüz deyib.

Siyasi şərhçi ABŞ-nin vitse-prezidenti Ceyms Vensin davamlı olaraq gündəmə gətirdiyi “yeni dünya düzəni”nin mahiyyətini şərh edib.
Gürbüz bildirib ki, Tramp–Vens komandasının nəzərdə tutduğu model ABŞ-nin regional yükünü bölüşdürmək üzərində qurulub:
“Bu düzən ABŞ-nin Avropadakı birbaşa hərbi mövcudluğunu azaltmasını və təhlükəsizlik yükünü daha bacarıqlı regional müttəfiqlərə ötürməsini ehtiva edir. Bu çərçivədə Türkiyə və Azərbaycan öz bölgələrində ABŞ maraqları ilə ziddiyyət təşkil etməyən qərarlar vermək baxımından daha geniş manevr imkanları əldə edəcəklər”.
Siyasi şərhçi həmçinin vurğulayıb ki, bu muxtariyyət mütləq deyil və müəyyən sərhədləri var:
“Lakin bu fəaliyyət sahəsi mütləq xarakter daşımır. Xüsusilə İran və Rusiya siyasətlərində Vaşinqtonun “qırmızı xətləri” ni sınağa çəkməmək həlledici əhəmiyyət daşıyacaq”.
Nəsimi Ələsgərli












