Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi - FOTO/VİDEO
Azərbaycan Gənclər Fondunun dəstəyi, Ankara Şəhər Şurası və TİMBİR-in birgə təşkilatçılığı ilə Ankara şəhərində Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu baş tutub.
Yenicag.az xəbər verir ki, Həmrəylik Forumu Ankara Şəhər Şurasında keçirilib.
Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Əlaqələr Şurasının üzvü, professor Aygün Attar, Ankara Bələdiyyəsinin başqan vəkili Faruq Köylüoğlu, Azərbaycan Gənclər Fondunun Naxçıvan Nümayəndəliyinin rəhbəri Arzu Qasımov, Türk İnternet Media Birliyinin sədri, Ankara Şəhər Şurasının sədr müavini Süleyman Basa, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxış edərək, Azərbaycan və Türkiyənin iqlim siyasətindən bəhs ediblər.

Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə inandıqlarını bildiriblər.Daha sonra COP29 ilə bağlı qısa video-çarx nümayiş olunub.
Şimali Kipr Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun moderatorluğu ilə keçirilən “Türkiyə-Azərbaycan: İqlim Həmrəyliyi” panelində fəlsəfə doktoru Günay Nəbi, Ankara Şəhər Şurasının Gənclər Məclisinin başqanı Xəlil Ecer, jurnalist Günay Arda və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Jalə Həsənova forumdan irəli gələn mövzuları müzakirə ediblər.
Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.












