Ankarada NATO sammiti ərəfəsində 100-dən çox şəxs həbs olundu
NATO sammiti ərəfəsində Ankarada keçirilən genişmiqyaslı antiterror əməliyyatları çərçivəsində 100-dən çox şəxs həbs olunub.
Yenicag.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, Ankara Baş Prokurorluğunun qərarı ilə 200-dən artıq nəfər saxlanılıb. Saxlanılanlar arasında terror təşkilatları ilə əlaqədə şübhəli bilinən şəxslərlə yanaşı, jurnalistlər və ictimai xadimlər də var.
Türkiyə mətbuatının məlumatına əsasən, 129 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlardan 103-ü barəsində həbs qətimkan tədbiri seçilib, 23 nəfər isə ev dustaqlığına göndərilib.
NATO sammiti ilə əlaqədar paytaxt Ankarada təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Sammit günlərində şəhərdə 70 minə yaxın hüquq-mühafizə əməkdaşının xidmət aparacağı, həmçinin əsas magistral yolların bir hissəsinin nəqliyyatın hərəkəti üçün bağlanacağı bildirilir.













