Ankarada Xocalı Soyqırımı ilə bağlı konfrans keçiriləcək
Tədbirdə faciənin baş vermə səbəbləri beynəxalq hüquqi nöqteyi-nəzərindən müzakirə olunacaq
Noyabrın 19-da Türkiyənin Ankara şəhərində Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Soyqırım Həqiqətlərinin Tanıdılması İctima Birliyi, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə “Yüz illiyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış”adlı tədbir keçiriləcək.
Tədbirdə əsrin böyük faciəsi sayılan Xocalı hadisəsinin baş vermə səbəbləri beynəxalq hüquqi nöqteyi-nəzərindən müzakirə olunacaq.
Konfransda Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyasının rəhbəri Burhan Kuzu, Türkiyə Parlamentlər Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren, Soyqırım Həqiqətlərinin Tanıdılması İctima Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli iştirak edəcəklər.
Tədbirin əhəmiyyəti barədə danışan Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi bildirib ki, Xocalıda yaşanan hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Soyqırım Həqiqətlərinin Tanıdılması İctima Birliyi sədri Ceyhun Ələkbərov qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyanın gözü qarşısında minlərlə insanın qətlə yetirilməsi faktı Ermənistanın iç üzünü açıb ortaya qoyur: “Bu fakt həm də ermənilərin vəhşiliklərini olduğu kimi göstərir”.
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren qeyd edib ki, Xocalda yaşanan hadisələr insanlıq cinayətidir: “Bu məsələnin hüquqi çərçivədə müzakirə olunmasına böyük ehtiyac var”.